Belqradda Azərbaycanın milli mətbəxi nümayiş etdirilib
Serbiyanın paytaxtı Belqradda keçirilən “Planetin dadı” beynəlxalq qastronomiya festivalında Azərbaycanın milli mətbəxi nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, festivalda yaradılan “Ənənəvi Azərbaycan dadları” guşəsi ziyarətçilərin böyük marağı ilə qarşılanıb. Burada Azərbaycan mətbəxinin çoxəsrlik ənənələrini əks etdirən milli təamlar təqdim olunub. Qonaqlara xalqımızın süfrə mədəniyyəti, milli kulinariya irsi və qonaqpərvərliyi ilə bağlı məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Azərbaycanın zəngin mədəni irsinin, milli mətbəxinin və qonaqpərvərlik ənənələrinin Serbiya ictimaiyyətinə tanıdılmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı isə xalqlar arasında mədəni bağların daha da möhkəmləndirilməsi baxımından belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışlarda 20 sentyabr tarixinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunduğu da diqqətə çatdırılıb.
Festival ölkəmizin zəngin kulinariya və mədəni irsinin Serbiya ictimaiyyətinə tanıdılması və xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verib.
Soydaşlarımızın festivalda iştirakı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin dəstəyi, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, Serbiya mətbuatında “Ənənəvi Azərbaycan dadları” guşəsinin təqdimatı ilə bağlı məqalə dərc olunub:
16:38 22.09.2026
Oxunuş sayı: 43