Helsinki Azərbaycan Evində şanlı Zəfər qeyd olunub
Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Evinin rəhbəri və Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Finlandiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan dəvət olunan qonaqlar iştirak edib.
Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib. Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəyliyin, ordumuzun qəhrəmanlığının tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.
Evin nəzdindəki həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri İmamə Alişovanın rəhbərliyi ilə Zəfər Gününə həsr olunan şeirlər səsləndiriblər. “Zəfər rəqsi” adlı filmin nümayişi böyük maraqla qarşılanıb. Azərbaycan Dövlət Filarmoniyasının solisti Fikrət Məmmədov və Finlandiyanın Nokia şəhərində yaşayan nağara ifaçısı Əli Məlikovun ifasında təqdim olunan Azərbaycan musiqi nümunələri tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda qonaqlar üçün ziyafət süfrəsi açılıb. İştirakçılar bayram əhvali-ruhiyyəsində bir araya gələrək Zəfər sevincini bölüşüb, milli həmrəylik və birlik nümayiş etdiriblər.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında açılan Helsinki Azərbaycan Evi milli-mədəni dəyərlərimizin yaşadılması, ana dilimizin və mədəni irsimizin gələcək nəsillərə ötürülməsi, eləcə də Finlandiyada yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görür.
14:46 04.11.2026
Oxunuş sayı: 22