Gənclərin xarici musiqi dinləməsi vacib deyil — əsas öz musiqimizi tanısınlar
Azərbaycanlı gənclərin musiqi zövqündə son illərdə nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Rəqəmsal platformaların, sosial şəbəkələrin və qlobal musiqi bazarının genişlənməsi gənclərin fərqli ölkələrin ifaçılarına və musiqi janrlarına daha asan çıxış əldə etməsinə imkan yaradır. Spotify, YouTube və TikTok kimi platformalar musiqinin dinlənilmə formasını dəyişməklə yanaşı, yeni mahnıların qısa müddətdə geniş auditoriyaya çatmasına da şərait yaradır. Bu proses Azərbaycan gənclərinin seçimlərinə də təsir edir və pop, rep, elektron musiqi, K-pop və digər beynəlxalq janrların yerli dinləyicilər arasında daha çox tanınmasına səbəb olur.
Azərbaycanlı gənclərin musiqi zövqündə baş verən dəyişikliklərin yalnız xarici musiqiyə marağın artması ilə əlaqələndirilməsinin doğru olmadığını deyən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas-bəstəkar Aytən Oqtayqızı Baxşiyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, bu proses qloballaşan musiqi məkanına inteqrasiyanın təbii nəticəsidir. Onun sözlərinə görə, sosial şəbəkələr və rəqəmsal platformalar gənclərin musiqi zövqünün formalaşmasına ciddi təsir göstərir:
“Azərbaycanlı gənclərin musiqi zövqünün dəyişməsini yalnız ‘xarici musiqiyə marağın artması’ kimi qiymətləndirmək doğru olmaz. Bu, ilk növbədə, qloballaşan musiqi məkanına inteqrasiyanın təbii nəticəsidir. Bu gün gənc dinləyicinin musiqiyə çıxışı əvvəlki nəsillərlə müqayisədə daha geniş və sərhədsizdir. Təbii ki, sosial şəbəkələr və ‘YouTube’, ‘Spotify’, ‘TikTok’ kimi rəqəmsal platformalar yeni bir musiqi mühiti yaradaraq zövqün formalaşmasına ciddi təsir göstərir”.
Musiqişünas qeyd edib ki, sosial media alqoritmləri musiqinin dinləyiciyə çatdırılma formasını da dəyişib. O vurğulayıb ki, bu proses müxtəlif janrların əlçatanlığını artırsa da, musiqinin qısa və vizual cəlbedici formatının ön plana çıxmasına səbəb ola bilər:
“Qloballaşmanın təsiri ilə Azərbaycan gənci bu gün eyni anda muğamı, xalq musiqisini, türk popunu, Koreya musiqisini, Qərb pop musiqisini, cazı, elektron musiqini və bir çox başqa janrları dinləyə bilir. Mən bunu yalnız təhlükə kimi deyil, həm də böyük yaradıcılıq imkanı kimi qiymətləndirirəm. Çünki zövqün genişlənməsi musiqi düşüncəsinin və yaradıcılıq imkanlarının da genişlənməsinə şərait yaradır. Əsas və mühüm məsələ bu müxtəlifliyin içərisində milli musiqimizin öz yerini necə qorumasıdır”.
Aytən Oqtayqızı Baxşiyevanın sözlərinə görə, milli musiqinin gələcəyi ənənə ilə müasirliyin yaradıcı şəkildə birləşdirilməsindən keçir. O hesab edir ki, muğam, xalq musiqisi və klassik irs müasir aranjimanlar, yeni janr sintezləri, kino musiqisi və rəqəmsal platformalar vasitəsilə gənc nəslə daha yaxın təqdim oluna bilər:
“Mənim üçün milli musiqinin gələcəyi ənənə ilə müasirlik arasında seçim etməkdə deyil, bu ikisini yaradıcı şəkildə birləşdirməkdədir. Milli musiqini yalnız qorunmalı və keçmişdən bizə miras qalmış irs kimi təqdim etmək kifayət deyil. Musiqi canlı sənətdir və yaşaması üçün hər dövrün dinləyicisi ilə dialoqa girməlidir”.
Musiqişünas müasir aranjimanlarda milli musiqi nümunələrinin əsas xüsusiyyətlərinin qorunmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, yenilənmə yalnız xarici forma dəyişikliyi deyil, milli musiqi irsinin müasir dinləyici ilə yeni formada dialoqu olmalıdır:
“Əsl məsələ gəncin xarici musiqi dinləməsi deyil. Əsas məsələ onun öz musiqisini də dinləmək, anlamaq və onunla fəxr etmək ehtiyacını hiss etməsidir. Bunun formalaşmasında musiqi təhsilinin, ailənin, medianın və mədəniyyət institutlarının rolu böyükdür. Gəncə milli musiqini sevdirmək üçün onu yalnız təbliğ etmək deyil, onun estetik dəyərini, müasir imkanlarını və bu gün üçün aktual olan tərəflərini göstərmək lazımdır”.
Nigar Xəlilli
17:30 07.09.2026
Oxunuş sayı: 61