Bakının yeni hərbi kartı: Dəniz Qüvvələrində müasir kamikadze dronlar istifadəyə verilir
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı müdafiə sənayesi və müasir hərbi texnologiyalar sahəsində də yeni mərhələyə qədəm qoyur. Hərbi Dəniz Qüvvələrində keçirilən görüş və burada müxtəlif hərbi vasitələrin təqdim edilməsi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın miqyasını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyənin tanınmış iş adamı Əziz Yıldırım və qızı Hande Yıldırım ilə Hərbi Dəniz Qüvvələrində görüşü də bu baxımdan diqqət çəkib. Görüş zamanı Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi layihələr, o cümlədən müasir dəniz vasitələri təqdim olunub. “MİRAS Hərbi-Sənaye Şirkəti” ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanan layihələr iki ölkənin müdafiə sənayesi sahəsində birgə fəaliyyətinin mühüm nümunələrindən biridir. Təqdimat zamanı “SALVO” silahlı və “KAYRA” kamikadze pilotsuz dəniz vasitələrinin nümayiş etdirilməsi müasir texnologiyaların hərbi sahədə tətbiqinə diqqəti artırıb. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin sürətli inkişafı ölkənin dəniz təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, həyata keçirilən layihələr və müasir hərbi vasitələrin arsenalda yer alması Azərbaycanın müdafiə imkanlarının daha da gücləndirilməsinə xidmət edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva crossmedia.az-a bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır, müdafiə sənayesi, gəmiqayırma və müasir texnologiyalar sahəsində də genişlənir. Onun sözlərinə görə, görüşün Hərbi Dəniz Qüvvələrində keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “Burada Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi layihələr və müasir hərbi vasitələr nümayiş etdirilib. “MİRAS Hərbi-Sənaye Şirkəti” ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanan layihələr iki ölkənin müdafiə sənayesi sahəsində birgə fəaliyyətinin mühüm nümunəsidir. Təqdimat zamanı “SALVO” silahlı və “KAYRA” kamikadze pilotsuz dəniz vasitələrinin nümayiş olunması xüsusilə diqqət çəkib. Bu vasitələrin hazırlanması müasir texnologiyaların müdafiə sahəsində tətbiqinə və Azərbaycan-Türkiyə əməkdaşlığının praktiki nəticələrinə nümunədir. Belə layihələr ölkələrimizin yeni texnologiyaların yaradılması və istifadəsi istiqamətində birlikdə işlədiyini göstərir. Əziz Yıldırımın bu layihələrdə iştirakı da mühüm məqamdır. Bu, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yalnız dövlət qurumları səviyyəsində deyil, həm də özəl sektor və iş dünyası arasında inkişaf etdiyini göstərir. Dövlət və özəl sektorun birgə fəaliyyəti yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün əlavə imkanlar yaradır. Azərbaycan son illərdə öz müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Müasir hərbi texnologiyaların ölkəyə gətirilməsi, yeni hərbi vasitələrin hazırlanması və yerli istehsal imkanlarının artırılması bu siyasətin əsas istiqamətlərindəndir. Türkiyə ilə əməkdaşlıq isə bu prosesdə Azərbaycanın imkanlarını daha da genişləndirir. Xüsusilə pilotsuz sistemlər, dəniz platformaları və yüksək texnologiyalı hərbi vasitələrin hazırlanması gələcək üçün böyük əhəmiyyət daşıyır. Birgə layihələrin artması həm təcrübə mübadiləsinə, həm də yeni texnologiyaların öyrənilməsinə imkan verir. Bu əməkdaşlıq Azərbaycan müdafiə sənayesinin inkişafına və ölkənin müasir texnologiyalar sahəsində imkanlarının artırılmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Türkiyə ilə mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri də bu sahədə əməkdaşlığın daha da inkişafına şərait yaradır. İki ölkə arasında qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsi üçün möhkəm əsas yaradır. Hərbi Dəniz Qüvvələrində keçirilən görüş və hərbi vasitələrin təqdimatı Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Bu əməkdaşlıq artıq yalnız siyasi və iqtisadi sahələrlə deyil, müasir texnologiyalar və müdafiə sənayesi ilə də sıx bağlıdır. Bu cür birgə layihələr Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Eyni zamanda Azərbaycanın müdafiə imkanlarının artırılmasına, yeni texnologiyaların tətbiqinə və müdafiə sənayesinin inkişafına mühüm imkanlar yaradır. Qarşıdakı dövrdə bu əməkdaşlığın daha da genişlənməsi və yeni layihələrin ortaya çıxması gözlənilir”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov isə Silahlı Qüvvələrimizdə müşahidə edilən sürətli inkişafın Hərbi Dəniz Qüvvələrini də əhatə etdiyini bildirib: “Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri sürətli inkişafını davam etdirib, böyük uğurlara və müvəffəqiyyətlərə nail olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrinə gəlişi, Müzəffər Ali Baş Komandana Hərbi Dəniz Qüvvələrinin arsenalında olan hərbi texnika ilə bağlı verilən məlumatlar, eləcə də həyata keçirilən praktiki testlər bunu bir daha sübut etdi. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan regionun şəriksiz hərbi lideri olmaqla yanaşı, qlobal miqyasda böyük hərbi gücə çevrilməkdədir. Hansı ki, müasir dünyamızda təhlükəsizliklə bağlı artan problemlər güc faktorunun əhəmiyyətini önə çıxarır, bu faktora birincilik qazandırır.

Polkovnik qeyd edib ki, bu baxımdan Hərbi Dəniz Qüvvələrimizin inkişafı dövlətimizin dəniz təhlükəsizliyinin möhkəmlənməsi, mümkün təhdid və təhlükələrdən müdafiəmiz baxımından həyati əhəmiyyətə malikdir. Prezidentin Hərbi Dəniz Qüvvələrinə səfəri göstərdi ki, dənizçilərimizin ixtiyarında yerli istehsal məhsulu olan dronlarla yanaşı, müxtəlif ölkələrin istehsalı olan müasir PUA-lar da mövcuddur. Bütün bu texnologiyalar Hərbi Dəniz Qüvvələrinə öz xidmətini yüksək səviyyədə qurmağa, mümkün təhlükələrə adekvat cavab verməyə imkan verir. Hesab edirəm ki, Müzəffər Ali Baş Komandanın Hərbi Dəniz Qüvvələrində olması, şəxsi heyətlə görüşü hərbçilərimiz üçün ciddi mənəvi stimul olacaq və onlar hər zaman olduğu kimi bundan sonra da öz uğurları və nailiyyətləri ilə bizləri sevindirməkdə davam edəcəklər”.
Hərbi ekspert Emin Həsənli açıqlamasında bildirib ki, ordu quruculuğu məsələsi birbaşa Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və nəzarətindədir: “Ordunun möhkəmlənməsi, silahlanması, bütün qoşun növləri üzrə — həm Hava Qüvvələrinin, həm Quru Qoşunlarının, eyni zamanda Hərbi Dəniz Qüvvələrinin müasir texnologiyanın tələblərinə cavab verən texnika və silah-sursatla təmin edilməsi, həmçinin hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yeni hərbi hissələrin tikilməsi çox vacibdir. Azərbaycanın quru və hava sərhədləri kimi, dəniz sərhədlərinin də qorunması həddindən artıq əhəmiyyətlidir. Bunun üçün son dövrdə müasir texnologiyadan istifadə Azərbaycanın qarşısına qoyulan ən vacib məsələlərdən biridir. Cənab Prezident bu məsələni hər zaman müşavirələrdə xüsusi bəyan edir və hərbçilər ordunun müasir texnika ilə təmin edilməsi məsələsini gündəmdə saxlayırlar".

Ekspert qeyd edib ki, həm dünyanın ən qabaqcıl ölkələrindən müasir texnologiyalar idxal edilir, eyni zamanda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi var və Azərbaycan dövləti özü də yeni silahların istehsalı baxımından mühüm addımlar atır: "Hər il bu istiqamətdə böyük irəliləyişlər var. Keçmiş zamanlarda minilliklər, yüzilliklər boyu silahlar dəyişmirdi. XX əsrdə isə 10 ildən bir silahlar dəyişirdi. XXI əsrdə isə bu proses artıq hər il öz əhəmiyyətini artırır. Hər il yeni silahlar ixtira olunur və günün müasir tələblərinə cavab verən yeni texnologiyalar yaranır. O qədər sürətli dəyişikliklər baş verir ki, biz bunu həyatın bütün sahələrində görürük. İlk yeniliklər də dünyada həmişə belə olub ki, hərbidə tətbiq olunur. Hər bir ölkə çalışır ki, onun ordusu güclü olsun, öz dövlətinin ərazi bütövlüyünü və müstəqilliyini qorusun. Azərbaycan dövləti də bu istiqamətdə mühüm addımlar atır və hesab edirəm ki, keçən dövr də bunu sübut etdi: Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olub, ərazi bütövlüyünü təmin edib. Həm hava sərhədlərimiz, həm quru sərhədlərimiz, həm də dəniz sərhədlərimiz yüksək səviyyədə mühafizə olunur”.
Zeynəb Həsən
18:35 07.09.2026
Oxunuş sayı: 59