İran ABŞ və İsraili hədələdi: Körfəz ölkələrində hava limanları və neft kəmərləri vurula bilər
İran ABŞ və İsrailin ölkəyə qarşı hərbi hücumları bərpa edəcəyi təqdirdə Fars körfəzi ölkələrindəki hava limanlarına, neft kəmərlərinə və digər strateji obyektlərə zərbələr endirəcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” nəşri diplomatik mənbələrə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, Tehran vasitəçilərə yeni hücumlar baş verəcəyi halda cavab tədbirlərinin təkcə ABŞ hərbi bazaları və gəmiləri ilə məhdudlaşmayacağını çatdırıb.
İran rəsmilərinin xəbərdarlığına əsasən, regiondakı enerji infrastrukturu, hava limanları və digər iqtisadi obyektlər də hədəfə alına bilər.
Məlumata görə, Tehran mümkün qarşıdurmada ABŞ hərbçilərinə qarşı hücumları intensivləşdirməyi, o cümlədən Amerika hərbi gəmilərini hədəfə almağı nəzərdən keçirir.
Nəşr qeyd edir ki, əvvəlki hərbi əməliyyatlar zamanı İranın raket və pilotsuz uçuş aparatı imkanlarına ciddi ziyan dəysə də, ölkənin hələ də əhəmiyyətli silah ehtiyatları mövcuddur.
Eyni zamanda, ABŞ və Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raket ehtiyatlarının azalması mümkün yeni qarşıdurma ilə bağlı narahatlıqları artırır.
Məlumata əsasən, Tehran bu xəbərdarlıqlarla Vaşinqton və Təl-Əvivi yeni hərbi əməliyyatlardan çəkindirməyə çalışır.
18:18 23.10.2026
Oxunuş sayı: 53