Deputat: Dayanıqlı sülh üçün Ermənistan konkret addımlar atmalıdır
Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi ətrafında müəyyən irəliləyişlər əldə olunsa da, yekun sülh müqaviləsinin imzalanması və razılaşmaların praktiki nəticələrə çevrilməsi məsələsi aktuallığını qoruyur. Tərəflər arasında münasibətlərin normallaşması üçün siyasi iradə ilə yanaşı, mövcud fikir ayrılıqlarının aradan qaldırılması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və digər həssas məsələlərin həlli vacibdir. Xüsusilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası və sülh prosesinin gələcək istiqaməti regionda dayanıqlı sabitliyin təmin olunması baxımından diqqət mərkəzindədir. Bəs mövcud maneələrin aradan qaldırılması və sülh müqaviləsinin imzalanması üçün hansı addımlar atılmalıdır?
Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın konkret addımlar atmaqda ləngiməsi regionda dayanıqlı sülhün təmin olunması prosesinə mane olur.
Deputatın sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından mühüm mərhələ olub. Lakin siyasi razılaşmaların real nəticələrə çevrilməsi üçün ardıcıl və qətiyyətli addımlar atılmalıdır: “Vaşinqtonda əldə edilmiş razılaşmalar regionda yeni siyasi reallıqların formalaşmasına və sülh perspektivlərinin genişlənməsinə zəmin yaradıb. Ermənistanda parlament seçkiləri, hökumətin formalaşdırılması və yeni Hökumət Proqramının qəbulundan sonra sülh prosesinin daha fəal mərhələyə keçəcəyi gözlənilirdi. Lakin Nikol Paşinyanın sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı açıqlamaları proses ətrafında müəyyən qeyri-müəyyənlik yaradır”.
Nigar Məmmədova qeyd edib ki, Azərbaycanın mövqeyi dəyişməzdir və sülh müqaviləsinin imzalanması üçün mövcud maneələr aradan qaldırılmalıdır: “Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanması və iki dövlət arasında münasibətlərin hüquqi əsaslarla qurulması üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. İlk növbədə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəalar aradan qaldırılmalıdır. Bu, dayanıqlı sülhün təmin olunması baxımından vacib məsələlərdən biridir. Referendumun nə vaxt keçiriləcəyi isə Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılıdır”.
Deputat Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu vurğulayaraq bildirib ki, rəsmi Bakının yanaşması dövlətlərarası münasibətlərin normallaşdırılmasına və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə əsaslanır: “Azərbaycan regionda yaranmış yeni reallıqların qorunmasına, dövlətlərarası münasibətlərin normallaşdırılmasına və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Bununla yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də sərhəd xəttində baş verən hadisələr etimad mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sərhəd məsələləri razılaşdırılmış mexanizmlər əsasında həll olunmalıdır”.
Nigar Məmmədova regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının da sülh prosesinin vacib istiqamətlərindən biri olduğunu bildirib: “TRIPP layihəsinin reallaşdırılması ilə bağlı konkret qərarların qəbul edilməsi və praktiki addımların atılması regional əməkdaşlıq üçün əhəmiyyətlidir. Lakin Ermənistanın bu istiqamətdə daha çevik addımlar atmasına ehtiyac var. Anklav və eksklavlarla bağlı məsələlər də qarşılıqlı razılaşmalar və hökumətlərarası komissiyanın müəyyən etdiyi mexanizmlər əsasında həll edilməlidir”.
Deputatın fikrincə, Ermənistanın prosesi uzatması və fundamental məsələlərin həllini təxirə salması sülhə olan etimadı zəiflədə bilər: “Bu gün regionda sülhün gələcəyi məsuliyyətli siyasi qərarlardan asılıdır. Dayanıqlı sülh yalnız siyasi bəyanatlarla deyil, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi və siyasi iradənin real addımlarla nümayiş etdirilməsi ilə mümkündür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ‘Biz bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır’”.
Nigar Xəlilli
17:25 23.10.2026
Oxunuş sayı: 67