Azərbaycan yumurta qıtlığı yaşayır - bahalaşmanın səbəbləri bəlli oldu
Səhər yeməyinin ən əlçatan məhsullarından hesab edilən, əksər insanların qida lasionunda olan yumurta son vaxtlar qiyməti ilə diqqət çəkir. Əvvəllər ailələrin gündəlik alış-verişində əsas ərzaqlardan biri olan bu məhsulun bahalaşması istehlakçıların xərclərinə də təsirsiz ötüşmür. Qiymət artımının arxasında istehsal xərclərinin yüksəlməsi, quş yeminin bahalaşması, daşınma və digər təsərrüfat məsrəfləri dayana bilər. Bununla yanaşı, məhsulun fermadan mağazaya qədər keçdiyi mərhələlərdə qiymət fərqinin yaranması da diqqət tələb edir. İstehsalçının satış qiyməti ilə alıcının mağazada ödədiyi məbləğ arasındakı fərq bazardakı vəziyyətin qiymətləndirilməsini zəruri edir. Yumurtanın bahalaşması təkcə istehsal xərcləri ilə deyil, həm də satış zəncirindəki qiymət dəyişiklikləri ilə bağlı müzakirələri aktuallaşdırır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, yumurtanın qiymətinin artmasının əsas səbəbi biznesin genişləndirilməməsi və daha çox yumurta istehsal etmək üçün istehsal müəssisələrinin, eləcə də yeni müəssisələrin yaradılmasına və istehsalın artırılmasına ehtiyac olmasıdır: "Eyni zamanda, yumurta istehsalının artırılması məqsədilə müəyyən təşviqedici siyasətin yürüdülməsi və bu sahənin aidiyyəti qurumlar tərəfindən tənzimlənməsi vacib hesab olunur".

İqtisadçı Akif Nəsirli isə açıqlamasında qeyd edib ki, yumurtanın qiymətinin artmasını yalnız fermerlərin məhsulu baha satması ilə əlaqələndirmək düzgün olmaz: "Burada həm istehsal xərcləri, həm də satış zəncirində yaranan qiymət fərqi rol oynaya bilər. Yem, xüsusilə qarğıdalı və soya kimi yem komponentləri, elektrik enerjisi, logistika, qablaşdırma və əməkhaqqı xərclərinin artması yumurtanın maya dəyərini yüksəldir. Digər tərəfdən, istehsalçıdan topdansatışa, oradan pərakəndə satışa qədər hər mərhələdə əlavə xərclər və mənfəət marjası formalaşır. Buna görə də qiymət artımının əsas səbəbini müəyyən etmək üçün fermerlərin satış qiyməti ilə mağazalardakı pərakəndə qiyməti müqayisə etmək lazımdır. Əgər fermer yumurtanı əvvəlki qiymətə satır, amma mağazada qiymət artırsa, əsas fərqi satış və bölüşdürmə zəncirində axtarmaq lazımdır. Əksinə, fermerin satış qiyməti də yüksəlibsə, istehsal xərclərinin təsiri araşdırılmalıdır. Məncə, məsələni dəqiq qiymətləndirmək üçün həm istehsalçıların maya dəyəri, həm də ticarət şəbəkələrinin tətbiq etdiyi əlavələr barədə məlumatlar açıqlanmalıdır".
Nuray Oqtayqızı
18:15 23.10.2026
Oxunuş sayı: 61