Nəhəng köpəkbalığını tutdu, məhkəməlik oldu
ABŞ-nin Massaçusets ştatında 2,9 metr uzunluğunda ağ köpəkbalığını qanunsuz ovlamaqda və heyvana qarşı qəddar davranmaqda ittiham olunan 30 yaşlı Kristofer Stefan məhkəmə qarşısına çıxarılıb.
Crossmedia.az xəbər verir ki, CBS News telekanalı bu barədə məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə 2025-ci ilin oktyabrında baş verib. Stefan heyəti və avropalı müştərisi ilə birlikdə bir neçə günlük balıqçılıq ekspedisiyasına çıxıb.
Ekspedisiya zamanı balıqçılar “Aaron” ləqəbli erkək ağ köpəkbalığını tutublar. Uzunluğu 2,9 metr olan bu köpəkbalığı 2024-cü ildən xüsusi izləmə cihazı vasitəsilə tədqiqatçıların nəzarətində olub.
Stefan balıqçılıq ekspedisiyasının görüntülərini sosial şəbəkələrdə paylaşdıqdan sonra hadisə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
İstintaqın versiyasına görə, görüntülərdə köpəkbalığının tutulması zamanı qadağan olunmuş avadanlıqdan istifadə edildiyi əks olunub.
Bildirilib ki, balıqçılar köpəkbalığını tutduqdan sonra uzun müddət onunla şəkil çəkdirib, hadisəni qeyd ediblər. Daha sonra heyvanı sərbəst buraxıblar.
Məhkəmənin ilkin iclasında Stefana qarşı qanunsuz balıq ovu və heyvanla qəddar rəftarla bağlı ittihamlar irəli sürülüb.
Növbəti məhkəmə iclası dekabrın 11-nə təyin edilib. Həmin tarixədək təqsirləndirilən şəxsin balıq ovu ilə məşğul olması, bununla bağlı internetdə video paylaşması və Massaçusets ştatını tərk etməsi qadağan olunub.
Stefanın vəkili isə müvəkkilinin təbiətə məsuliyyətli münasibəti müdafiə edən təcrübəli balıqçı olduğunu bildirib.
CBS News-un məlumatına görə, hadisə Massaçusets ştatının Keyp-Kod yarımadası sahillərində baş verib. Təqsirləndirilən şəxs köpəkbalığını sahilə çıxarmaq üçün drondan da istifadə etməkdə ittiham olunur. Onun barəsində 10 min dollar məbləğində girov müəyyən edilib.
19:35 23.10.2026
Oxunuş sayı: 56