Bağça müəllimləri də sertifikasiyadan keçməlidir? - Ekspertdən təklif
Uşaqların gələcəyinin formalaşdığı bağçalarda tərbiyəçi-müəllimlərin peşəkarlığı məsələsi yenidən gündəmə gəlib. Azyaşlıların ilk bilikləri mənimsədiyi, ünsiyyət qurmağı və ətraf aləmi tanımağı öyrəndiyi bu mərhələdə pedaqoqun hazırlığı xüsusi əhəmiyyət daşıyır. Lakin məktəbəqədər təhsil müəssisələrində kadrların bilik və bacarıqlarının hansı meyarlarla qiymətləndirilməsi, sertifikasiyanın kimlərə şamil olunacağı və zəif nəticə göstərən tərbiyəçilərlə bağlı hansı addımların atılacağı müzakirə mövzusudur. Sertifikasiya sadəcə imtahan və nəticələrin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, bağçalarda təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Bütün bağça müəllimlərinin sertifikasiyadan keçməsi zəruridirmi və bu proses məktəbəqədər təhsildə mövcud problemlərin həllinə nə dərəcədə təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, hazırda təhsil sahəsində daha çox orta təhsil diqqət mərkəzindədir və ilk islahatlar da bu pillədən başlayır: “Lakin bu gün təhsildə prioritet sahə ilk növbədə məktəbəqədər təhsil olmalıdır.

Uşaqların ilkin öyrənmə vərdişləri məhz bu mərhələdə formalaşır. Onların məktəbəqədər təhsil pilləsində qazandıqları təcrübə, sosiallaşma bacarıqları və psixoloji hazırlıqları sonrakı mərhələdə, xüsusilə ibtidai siniflərdə tədrisin keyfiyyətinə birbaşa təsir göstərir”.
Cahid İmanlı hesab edir ki, ilk sertifikatlaşdırma prosesi ibtidai sinif müəllimlərindən əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoqlardan başlamalı idi:
"Məktəbəqədər təhsil müəssisələrində ali təhsilli müəllimlərlə yanaşı, kollec məzunları da fəaliyyət göstərirlər. Azərbaycanda kollec təhsilinin keyfiyyəti ilə bağlı uzun illərdir müzakirələr aparılır”.
C.İmanlı vurğulayıb ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil pilləsində çalışan müəllimlərin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə müvafiq addımlar atmalıdır".
Nuray Oqtayqızı
21:37 23.10.2026
Oxunuş sayı: 51