Bu su kanalı artıq qurumağa başlayıb
Dünyanın əsas dəniz ticarəti marşrutlarından biri olan Panama kanalında su ehtiyatlarının azalması gəmiçilik üçün ciddi problemlər yaradır. Kanalın fəaliyyətində mühüm rol oynayan su anbarlarında səviyyənin aşağı düşməsi gəmilərin keçid imkanlarına birbaşa təsir göstərir. Mütəxəssislər bu vəziyyəti qlobal iqlim dəyişiklikləri, artan temperatur və yağıntı rejiminin dəyişməsi ilə əlaqələndirirlər. Quraqlığın uzanması və su ehtiyatlarının azalması təkcə nəqliyyat sektoruna deyil, region əhalisinin içməli su təminatına da təsir göstərir. Panama kanalında yaranan vəziyyət isə iqlim böhranının iqtisadi və sosial nəticələrinin necə geniş miqyas ala biləcəyini bir daha ortaya qoyur.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Panama kanalında və dünyanın digər bölgələrində su ehtiyatlarının azalması artıq iqlimdə baş verən dönməz proseslərin nəticəsidir:
“Panama kanalında və ümumiyyətlə dünyanın digər ölkələrində su ehtiyatlarının azalması, su səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bu, artıq iqlimdə baş verən dönməz proseslərin nəticəsidir. Bildiyimiz kimi, iqlimdə orta temperatur 1,5°C artıb və 2°C-yə doğru sürətlə davam edir. Düzdür, bununla bağlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində hər il mütəmadi iclaslar keçirilir. Hətta Bakıda COP29 keçirildi, sonra COP30 baş tutdu, indi isə COP31-ə hazırlaşırlar. Lakin hələ ki görülən tədbirlər istənilən effekti vermir, çünki yanacaq istehlakı ildən-ilə artır. Müqayisə etsək, 10 il əvvəllə müqayisədə gündəlik neft istehlakı 85-90 milyon bareldən 105 milyon barelə çatıb və bu artım davam edir. Bu da quraqlığın yaranmasına səbəb olur. Xüsusilə Sakit okeanda baş verən El-Ninyo iqlim fenomeninin genişlənməsi Mərkəzi Amerika regionuna, xüsusən də Panamaya anormal quraqlıq və isti hava kütlələri gətirib. İstiləşmənin müddəti uzanıb, temperatur yüksək keçir. Həmin ərazilərdə, Panama kanalı zonasında rekord yağıntı azlığı baş verib, yağış mövsümü dəyişib. Bu da Panama kanalından keçən gəmilərin su təminatında problemlər yaradıb. Orada Qatun və Alajuela süni gölləri yaradılıb. Həmin göllərdən gəmilərin keçməsi üçün milyonlarla ton su götürülür. Çox təəssüf ki, hazırda həmin süni göllərdə su səviyyəsi aşağı düşüb. Burada söhbət şirin su ehtiyatlarından gedir. Hətta Panama ölkəsinin özündə yaşayan təxminən 2 milyona yaxın əhalinin içməli su təminatında da ciddi problemlər yaranıb".
Ekoloq əlavə edib ki, bütün bunlar iqlimdə baş verən kəskin dəyişikliklərin nəticəsidir: "El-Ninyo proseslərinin şiddətlənməsi, yağıntıların dünyanın müxtəlif regionlarında qeyri-bərabər paylanması və bəzi ərazilərdə quraqlığa səbəb olması buna əyani sübutdur. Məsələn, Azərbaycanda da son dövrlərdə 2 ay yarımdır, 3 aya yaxındır ki, quraqlıq müşahidə olunur, yağıntı düşmür. Bu da su səviyyəsinin aşağı düşməsinə təsir edən mühüm amillərdən biridir. Hətta Xəzər dənizində baş verən proseslər və səviyyə dəyişməsi də iqlimdəki kəskin dəyişikliklərin nəticəsidir. Bütün bu səbəblərə görə artıq kanaldan keçən gəmilərin sayı məhdudlaşdırılıb. Yəni bu, həm Panama əhalisi, həm də Panama kanalını idarə edən qurum üçün böyük problemlər yaradıb. Bu səbəbdən müəyyən müddətdən sonra gəmilərin keçid sayının azaldılması barədə qərar qəbul olunub və bütün bunlar su ehtiyatlarının yetərsizliyi ilə bağlıdır. Düşünürəm ki, qarşıdan payız ayları gəlir. Payız və qış aylarında yağışların həcmi artacaq, bundan sonra gəmilərin keçidi bir qədər asanlaşacaq”.
Zeynəb Həsən
18:00 07.09.2026
Oxunuş sayı: 51