Qərbin doğması Ermənistan, ögeyi Azərbaycan? - Avropada yeni hay-küy
Ermənistan və Azərbaycanda siyasi proseslərin Qərb mediası və Avropa institutları tərəfindən işıqlandırılması son dövrdə ikili standartlarla bağlı müzakirələri yenidən gündəmə gətirib. Azərbaycanda baş verən siyasi proseslərə yreri gəldi-gəlmədi Avropa Parlamenti və Qərb mediası kəskin tənqidi münasibət göstərdiyi halda, Ermənistanda müxalif siyasətçilərin və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirilir. Bu ikili standart, doğma-ögey yanaşması Qərbin, onun media qurumlarının, təşkilatlarının Cənubi Qafqaz siyasətində prioritetlərini və region ölkələrinə münasibətdə qərəzliliyini göstərir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a açıqlamasında son dövrlərdə bir sıra Qərb media resurslarında Azərbaycana qarşı sistemli və qərəzli məlumatların yayıldığını bildirib. Onun sözlərinə görə, bu yanaşma yeni deyil və Azərbaycan işğal dövründə də beynəlxalq müstəvidə ikili standartlarla üzləşib: “Bildiyimiz kimi, Azərbaycan müstəqilliyinə qovuşduğu ilk gündən Qərbin bir sıra mötəbər təşkilatları Azərbaycana qarşı açıq-aşkar riyakar mövqe nümayiş etdirir. Bu təşkilatlar hələ də öz qərəzli mövqelərini davam etdirirlər. Yəni bu, Azərbaycan ictimaiyyəti üçün yeni xəbər deyil. Hətta işğal dövründə beynəlxalq ictimaiyyət işğalçı kimi tanınan Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoymamış, Azərbaycana qarşı təzyiq, qərəz və ikili standart nümayiş etdirmişdir”.
Deputat qeyd edib ki, son dövrlərdə müxtəlif beynəlxalq platformalarda və aparıcı media qurumlarında Azərbaycanla bağlı materialların yayılması intensivləşib. Məlahət İbrahimqızı bu materialların məqsədinin rəsmi Bakıya siyasi təzyiq göstərmək olduğunu bildirib: “Necə deyərlər, tibb dilində ifadə etsək, son vaxtlar Azərbaycanafobiya xəstəliyinə tutulmuş bir sıra Qərb media resurslarında yenidən xəstəliyin kəskinləşməsini müşahidə edirik. Daha doğrusu, Azərbaycana qarşı yenidən sistemli və qərəzli məlumatların yayılması kampaniyası başlamışdır. Fərqli beynəlxalq platformalarda və aparıcı mətbuat orqanlarında bu materiallar tirajlansa da, onların heç biri obyektivliyi və həqiqəti əks etdirmir. Ötən dövrlərdə olduğu kimi, bu qaralama, şər və böhtan kampaniyasının yeganə məqsədi rəsmi Bakıya təzyiq etməkdir”.

Məlahət İbrahimqızının sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və müstəqil xarici siyasət yürütməsidir. O vurğulayıb ki, bəzi dairələr Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmir: “Son dövrlərdə bu saxtakar qüvvələrin fəallaşmasının səbəbi isə Azərbaycanın ildən-ilə dünyada artan imici, güclənən mövqeyi və dövlət başçısının həyata keçirdiyi müstəqil siyasətidir. Bu qüvvələr hələ də hesab edirlər ki, yalan və saxta məlumatları Bakıya qarşı siyasi təzyiq aləti kimi istifadə edə bilərlər. Bu mənada Azərbaycanın regionda yaratdığı yeni status-kvo və müstəqil xarici siyasət kursu fonunda bu cür informasiya hücumlarının intensivləşməsi təsadüfi deyil”.
Deputat hesab edir ki, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqları qəbul etməyən bəzi dairələr media vasitəsilə ölkəyə qarşı təzyiq imkanlarını yenidən işə salmağa çalışırlar. O, bu prosesdə müxtəlif Qərb media qurumlarının adlarını çəkərək həmin resurslarda Azərbaycanla bağlı birtərəfli yanaşmaların və əsassız məlumatların yayıldığını bildirib: “Bu dairələr rəsmi Bakının heç vaxt danışıqlar masasında diktə edilmiş şərtlər əsasında oturmadığını görürlər. Rəsmi Bakı ən çətin dönəmlərdə belə bərabərhüquqlu tərəfdaşlığın olmadığı masada oturmayıb. Obrazlı desək, Azərbaycan bütün əməkdaşlıq və dialoq masalarında, platformalarda ləyaqətli şəkildə təmsil olunub. Sözsüz ki, buna görə dövlət başçımıza minnətdarıq. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət sayəsində Cənubi Qafqazda geosiyasi reallıqlar dəyişmişdir. Bu dairələr 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri ilə suverenliyini tam bərpa edən Azərbaycanın regionda yaratdığı və formalaşdırdığı yeni reallıqları hələ də qəbul edə bilmirlər. Belə ki, regiondakı geosiyasi təsir imkanlarını itirən bu qüvvələr ənənəvi üsulları, daha dəqiq desək, media alətlərini yenidən dövriyyəyə buraxırlar”.
Məlahət İbrahimqızı əlavə edib ki, onun fikrincə, müxtəlif media qurumlarında yayılan materiallar daha geniş informasiya kampaniyasının tərkib hissəsi ola bilər. Deputat “Nexta”, “Gazeta Wyborcza”, “Le Figaro”, “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde” və TVP kimi media resurslarının adını çəkərək onların Azərbaycanla bağlı materiallarında birtərəfli yanaşmaların olduğunu bildirib: “Sözsüz ki, bu böhtan və şər kampaniyasında hələ də Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfəri qəbul edə bilməyən ermənipərəst lobbinin və bəzi Avro-Atlantik təşkilatların da rolu var. Sözsüz ki, Fransa və bir sıra Şərqi Avropa ölkələrində fəaliyyət göstərən lobbi təşkilatları Qərbin bəzi mətbuat səhifələrində (“Gazeta Wyborcza”, “Le Figaro” və s.) reallıqları təhrif edən fikirlər formalaşdırırlar. Elə bugünlərdə yerli mətbuatda da bildirildiyi kimi, mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı sentyabrın 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı subyektiv mülahizələrə əsaslanan, hadisəni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönələn məlumat yayıb. Bildirildiyi kimi, Azərbaycan tərəfinin apardığı təhlillər baş verənlərin vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi olduğunu göstərir. Göründüyü kimi, özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediası ölkəmizə qarşı təşkil olunmuş dezinformasiya kampaniyasının arxasında dayanır. Bu bir daha sübut edir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, Azərbaycanın informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan dezinformasiya hallarının intensivliyi artıb”.
Media eksperti Müşfiq Ələsgərli açıqlamasında son dövrlərdə Qərb mediasında, o cümlədən Polşa, Britaniya, Fransa və Amerika media qurumlarında Azərbaycanla bağlı əsassız və dezinformasiya xarakterli materialların yayımlandığını bildirib: “Son dövrlərdə həqiqətən Qərb mediasında, o cümlədən konkret olaraq Polşa, Britaniya, Fransa və Amerika media qurumlarında Azərbaycan haqqında heç bir əsası olmayan, dezinformasiya xarakterli və konkret hədəflərə yönəlmiş məqalələr dərc olunmaqdadır. Bu məqalələr birmənalı şəkildə media prinsiplərinə ziddir. Çünki həmin məqalələrdə, açıqlamalarda Azərbaycan tərəfinin heç bir mövqeyi dərc edilməmişdir. Bu da onu göstərir ki, onların Azərbaycan tərəfinin mövqeyini, yəni həqiqəti işıqlandırmaqda maraqları yoxdur. Məqsədləri birmənalı şəkildə dezinformasiya yaymaqdır”.
Ekspert qeyd edib ki, Azərbaycan tərəfinin, eləcə də vətəndaş cəmiyyəti institutlarının, media qurumlarının və qeyri-hökumət təşkilatlarının müraciətlərinə baxmayaraq, sözügedən materialların yayılması davam edir: “Niyə bu dezinformasiyanı yayırlar? Baxmayaraq ki, Azərbaycan tərəfi dəfələrlə etiraz edib, hətta Azərbaycan dövlət qurumları ilə yanaşı, Azərbaycan vətəndaş cəmiyyəti institutları, media qurumları və qeyri-hökumət təşkilatları onlara dəfələrlə müraciət ediblər ki, bu cür yanlış, əsası olmayan materialların dərc olunması yolverilməzdir, ən azı media prinsiplərinə ziddir və Azərbaycanla olan münasibətlərə uyğun deyil. Amma buna baxmayaraq, onlar bunu yayırlar”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, bu vəziyyət həmin media qurumlarının fəaliyyət göstərdikləri dövlətlərdəki siyasi mərkəzlərdən asılı olması ilə bağlı qənaət yaradır. O bildirib ki, məqsəd Cənubi Qafqazı qlobal güclər arasında siyasi mübarizənin bir hissəsinə çevirmək ola bilər: “Buradan belə bir nəticə çıxır ki, bu media qurumları sözdə, dildə özlərini müstəqil media qurumları adlandırsalar da, əslində fəaliyyət göstərdikləri dövlətlərdən, dövlət qurumlarından, eyni zamanda Avropanın müəyyən siyasi mərkəzlərindən asılı vəziyyətdədirlər və onlardan gələn sifarişlərə uyğun olaraq bu cür qərəzli məlumatlar yayırlar. Sifariş də ondan ibarətdir ki, müəyyən Avropa mərkəzləri, eyni zamanda dünyanı bölüşdürmək uğrunda mübarizə aparan qlobal güc mərkəzləri Cənubi Qafqazı özlərinin siyasi poliqonuna çevirmək istəyirlər”.
M.Ələsgərli vurğulayıb ki, Azərbaycanın səyi nəticəsində Cənubi Qafqazda sabitliyin və sülhün qorunmasına çalışılır. Ekspert hesab edir ki, informasiya hücumlarının məqsədi bölgədə yenidən qarşıdurma yaratmaq və regiona təsir imkanları əldə etməkdir: “Amma Azərbaycanın səyi nəticəsində Cənubi Qafqaz bir sabitlik adasıdır. Burada münaqişədən sonrakı dövrdə sülhün, əmin-amanlığın bərpa olunması və inkişaf yönümlü layihələrin həyata keçirilməsi üçün səylər göstərilir. Amma görünür, burada sabitliyin, sülhün və inkişafın olması hansısa dünya güclərinin, dünyanı yenidən bölüşdürmək istəyən mərkəzlərin maraqlarına uyğun deyil. Onlar burada yenidən münaqişə və qarşıdurmalar görmək, bu qarşıdurmalardan istifadə edərək təsir göstərmək və Cənubi Qafqazı yenidən özlərinin poliqonuna çevirmək istəyirlər”.
Media eksperti əlavə edib ki, Azərbaycanın müstəqil xarici siyasəti və informasiya hücumlarına qarşı mövqeyi bu cür təzyiqlərin nəticə verməsinə imkan verməyəcək: “Təbii ki, Azərbaycan buna yol verən deyil. Azərbaycan müstəqil xarici siyasət yürüdür və nəinki öz ərazisini, ümumilikdə Cənubi Qafqazı bu təhdidlərdən, bu ziddiyyətlərdən qoruyur. O baxımdan da Azərbaycan həmişə bu cür informasiya hücumlarına məruz qalır. Təbii ki, bu cür hücumlar effekt verməyəcək. Çünki belə hücumları biz son 30 il müddətində, yəni müstəqilliyimizin ilk illərindən etibarən üzərimizdə hiss etmişik. Amma xalq-hakimiyyət vəhdəti və Azərbaycan dövlətinin qüdrətli olması, Azərbaycanın rəhbərliyində ağıllı insanların, dünya siyasətindən başı çıxan şəxslərin olması təbii ki, təsir göstərir ki, bu cür dezinformasiyalar həmişə iflasa uğradılmış olsun”.
Nigar Xəlilli
20:30 07.09.2026
Oxunuş sayı: 54