ABŞ-dən Moskva-Kiyev dialoqu ilə bağlı yeni mesaj
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva və Kiyev arasında dialoqda ciddi irəliləyiş əldə olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Uitkoff bu barədə sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın göstərişi ilə amerikalı nümayəndələr Rusiya və Ukraynaya səfər edərək müharibənin dayandırılması məqsədilə tərəflər arasında dialoqun davam etdirilməsinə kömək göstəriblər.
Səfərdən əvvəl Rusiya və Ukrayna danışıqların keçirilməsi üçün üç günlük atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.
Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner, eləcə də ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vlodomir Zelenski ilə görüşüblər. Görüşlər zamanı tərəflərin bir-birinə təqdim etdiyi təkliflər müzakirə olunub.
Kiyevdə keçirilən görüşlərə Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri də qoşulub. Tərəflər danışıqların davam etdirilməsi üçün növbəti addımları müzakirə ediblər.
Uitkoff bildirib ki, görüşlər zamanı ciddi irəliləyiş əldə olunub və əlavə üçtərəfli danışıqların təşkili istiqamətində növbəti addımlar müəyyənləşdirilib.
Onun sözlərinə görə, prezident Donald Tramp insanların həlak olmasının qarşısını almaq və uzunmüddətli, davamlı sülhə nail olmaq üçün ciddi səylər göstərir.
20:05 07.09.2026
Oxunuş sayı: 43