Almaniyada elektrik şəbəkəsinə qarşı sabotaj planı üzə çıxdı
Almaniyanın Saksoniya əyalətində elektrik şəbəkəsinə qarşı sabotaj cəhdləri ilə əlaqəli 21 kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, “Tagesschau” bu barədə məlumat yayıb.
Son axtarışlar zamanı Yuxarı Luziyada daha 9 partlayıcı qurğu tapılıb. Bununla da polis tərəfindən aşkarlanan qurğuların ümumi sayı 21-ə çatıb.
Məlumata görə, bütün qurğular Qrauştayn yarımstansiyasının cənubunda yerləşən yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşdirilib.
İstintaqın məlumatına əsasən, qurğuların qısaqapanma yaratmaq və enerji infrastrukturuna zərər vurmaq məqsədi daşıdığı ehtimal olunur. Polis bütün qurğuları zərərsizləşdirib və elektrik enerjisinin təchizatını qorumaq mümkün olub.
Qurğuların axtarışı cümə günündən bazar gününədək davam edib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Oxşar sabotaj cəhdləri daha əvvəl Brandenburq və Şimali Reyn-Vestfaliya əyalətlərində də qeydə alınıb. Həmin hadisələrlə bağlı yayılan bəyanatlardan birində Saksoniyada planlaşdırılan hücumlara dair məlumatların yer aldığı bildirilib.
20:22 07.09.2026
Oxunuş sayı: 41