ABŞ-də üç buynuzlu maral görüntülənib
ABŞ-nin Miçiqan ştatında üç buynuzu olan nadir maral fotoqrafın kamerasına düşüb.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə məlumat yayıb.
75 yaşlı fotoqraf Stiven Lindberq evinin yaxınlığındakı meşədə gəzərkən maralla qarşılaşıb. O, əvvəlcə heyvanın qeyri-adi xüsusiyyətini fərq etməyib və kamerası, eləcə də telefonu ilə onlarla şəkil çəkib. Maralın üçüncü buynuzunu isə fotolara baxarkən görüb.
Lindberq şəkilləri “Facebook” səhifəsində paylaşıb. Fotolar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Baytar Stiv Edvardsın sözlərinə görə, üç buynuzlu marala rast gəlmək olduqca nadir hadisədir. O bildirib ki, belə bir xüsusiyyət milyonda bir maralda müşahidə oluna bilər.
Fotoqraf maralın yerini açıqlamamaq qərarına gəlib. Bunun səbəbi ov mövsümündə heyvanın təhlükəsizliyini qorumaqdır.
04:49 23.10.2026
Oxunuş sayı: 52