Konqresdə demokratların üstünlük qazanması Trampı məhdudlaşdıracaq
ABŞ-də 3 noyabr 2026-cı il ara seçkiləri yaxınlaşdıqca Konqresə nəzarət uğrunda mübarizə daha da kəskinləşir. Prezident Donald Trampın reytinqinin aşağı düşməsi və Demokratların ümumi seçici dəstəyində üstünlük əldə etməsi Respublikaçıların həm Senat, həm də Nümayəndələr Palatasındakı çoxluğunu qorumasını çətinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir. Son sorğularda Demokratlar ümumi Konqres bülletenində təxminən 6-7 faiz bəndi üstünlük göstərir, Trampın dəstəyi isə bəzi son sorğularda 33 faizə qədər geriləyib. Bununla belə, Demokratların hər iki palatada çoxluq qazanması hələ təmin olunmuş nəticə deyil və xüsusilə Senatda mübarizə daha mürəkkəb görünür.
Politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlamasında ABŞ-də Nümayəndələr Palatası və Senatda demokratların çoxluq əldə etməsinin prezident Donald Trampın xarici siyasətinə müəyyən məhdudiyyətlər yarada biləcəyini bildirib. Onun sözlərinə görə, prezident respublikalarında əsas səlahiyyət icraedici hakimiyyətin əlində olsa da, Konqres prezidentin qərarlarının həyata keçirilməsinə mane ola bilər: “Tramp dövründə Amerikada, təbii ki, Nümayəndələr Palatasında və Senatda demokratların çoxluq əldə etməsi önəmlidir. Amma prezident respublikalarında güc əsasən icraedici hakimiyyətin əlindədir. Hər nə qədər parlamentlərin güclü olduğu rejimlər olsa da, Amerika kimi ölkələrdə xarici siyasətdə son sözü həmişə prezident deyir. Çünki bu məsələdə hətta Nümayəndələr Palatası prezidentə nəyəsə görə mane ola bilməsə də, prezidentin müəyyən qərarlarının tam həyata keçirilməsinə ciddi şəkildə mane ola bilər”.
Ekspert bu baxımdan 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmanı nümunə göstərib, həmçinin həmin dövrdə ABŞ-də demokratların hakimiyyətdə olduğunu və Con Kerrinin dövlət katibi vəzifəsini daşıdığını xatırladıb: “Biz bunu İranda çox gözəl gördük. 2015-ci ildə o vaxtkı Obama iqtidarı dövründə, demokratların hakimiyyətdə olduğu vaxt Con Kerri dövlət katibi idi və İranla məlum nüvə anlaşması, yəni İranın nüvə silahına malik olmaması ilə bağlı, 6 dövlətdən ibarət, içində Avropa Birliyinin də olduğu anlaşma imzalandı. Hətta Federika Mogerini Avropa Birliyini təmsil edirdi. O vaxt bu anlaşma imzalandıqdan dərhal sonra Senatda və Nümayəndələr Palatasında respublikaçıların çoxluğu bununla bağlı, demək olar, bütün qərarları bloklayan, faktiki olaraq, qərar qəbul etdi”.

V.Hüseynin sözlərinə görə, Konqresdə demokratların üstünlük qazanması xüsusilə Ukrayna məsələsində Trampın sərbəst hərəkət imkanlarını məhdudlaşdıra bilər. O, prezidentin müəyyən qərarları həyata keçirmək üçün Konqres üzvlərini inandırmalı ola biləcəyini qeyd edib: “Yəni, yenə deyirəm, təbii ki, əgər Nümayəndələr Palatasında və Senatda demokratlar üstünlük təşkil etsə, bu, müsbət istiqamətdə nəyə və kimin tərəfinə doğru olacaq? Deyək ki, Ukrayna məsələsində artıq Trampın bəzi məsələlərdə sərbəst hərəkət etməsi mümkün olmayacaq. Tramp məcbur olacaq ki, bəzi məsələləri Senata və ya Nümayəndələr Palatasına deyərək, onları inandıraraq həyata keçirsin. Trampın ümumi xarakterini nəzərə aldıqda isə bu, çox çətindir”.
Politoloq vurğulayıb ki, ABŞ-də qarşılıqlı güc və balans mexanizmi noyabr seçkilərindən sonra özünü daha aydın göstərə bilər. Onun fikrincə, xarici siyasətdə son söz prezidentə məxsus olsa da, Konqresdə demokratların çoxluğu prezidentin siyasətini tam sərbəst həyata keçirməsinə əngəl yarada bilər: “Hər bir halda, Amerika, bilirsiniz, güc və balans sistemi üzərində qurulub. Noyabr seçkilərində hər şey bu güc və balans sisteminin nə dərəcədə işləyəcəyini göstərəcək.
Yenə deyirəm, burada, əlbəttə ki, xarici siyasətdə son söz prezidentə aiddir. Amma Nümayəndələr Palatasında və ya Senatda demokratların çoxluq əldə etməsi bu siyasətin tam sərbəst şəkildə reallaşdırılmasına mane olur, əngəl yaradır, bizim dildə desək, tormozlayır və bu da müəyyən dərəcədə balans yaradır”.
Nigar Xəlilli
19:30 07.09.2026
Oxunuş sayı: 44