Şuşanın qayalarına yazılanlar narazılıq yaratdı: Bu mədəniyyətdir, ya mədəniyyətsizlik?
Şuşada tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazılması ciddi narazılıqla qarşılandı. Tarixi abidələrə və təbii irs nümunələrinə ad, tarix və müxtəlif ifadələr yazılması həmin məkanların görünüşünü pozmaqla yanaşı, onların daşıdığı tarixi yaddaşa da zərər vurur. Şuşada isə Cıdır düzü ətrafındakı qayalarda belə hadisənin baş verməsi məyus edicidir. Bu isə bir sualı aktuallaşdırır: insanlar niyə tarixi və mədəni dəyərlərə münasibətdə bu qədər məsuliyyətsiz davranmağa başlayıb?

Milli Məclisin deputatı Tural Gəncəliyev crossmedia.az-a açıqlamasında bildirib ki, bütün dünyada mədəni və tarixi abidələrin, xalqların tarixini və mədəniyyətini əks etdirən dəyərli mədəniyyət nümunələrinin qorunması, saxlanılması, onlara hörmət və rəğbətlə yanaşılması qəbul edilmiş normadır: “Bütün dünyada mədəni və tarixi abidələrin, xalqların tarixini, mədəniyyətini əks etdirən dəyərli mədəniyyət nümunələrinin qorunması, onların saxlanılması, onlara hörmət və rəğbətlə yanaşılması bütün dünyanın qəbul etdiyi normadır. Hətta bununla bağlı beynəlxalq hüquqda belə mədəni-tarixi abidələrin qorunması ilə bağlı müvafiq beynəlxalq hüquqi konvensiyalar var. YUNESKO-nun 1954-cü ildə Mədəni mülkiyyətin qorunması ilə bağlı qəbul etdiyi konvensiya bir daha göstərir ki, dünya, ümumiyyətlə, tarixi-mədəni abidələrin qorunmasına və saxlanılmasına həssaslıqla yanaşır. Xüsusilə də mədəni mülkiyyət, maddi miras hesab edilən abidələrin qorunması təkcə bir ölkənin işi deyil, bütün dünyanın işidir. Məsələn, Azərbaycan ərazisində çoxlu mədəni qoruq və tarixi abidələr var ki, bu, təkcə Azərbaycan xalqının deyil, ümumbəşəri tarixi və mədəni mirasın nümunəsi hesab olunur. Ona görə də Azərbaycan ərazisində, elə Bakıda, Qarabağda, Şəkidə və digər yerlərdə çoxlu abidələr var. Mən əsasən Bakını nəzərdə tuturam, Qarabağ da o cümlədən, təbii ki. Bunlar YUNESKO-nun maddi irsi, maddi mirası kimi dünya mədəniyyətinin tərkib hissəsi kimi tanınır və onların qorunması vacibdir. Ona görə də bütün dünyada mədəni abidələrə xələl gətirəcək, onların imicinə ziyan vuracaq qraffitilərin çəkilməsi, yazıların yazılması qəbul edilməzdir. Bu, həm də insanların öz mədəniyyətlərinə, tarixlərinə olan hörmətindən irəli gəlməlidir ki, mədəni abidələr qorunsun, onların üzərində yazılar yazılmasın. Bütün dünya buna qarşı çıxır, bütün dünya bu məsələyə həssas yanaşır. Ona görə hesab edirəm ki, istər Azərbaycanın paytaxtında, istər regionlarımızda, Qarabağda, istənilən yerdə abidələr üzərində hansısa yazıların yazılması, hansısa izlərin buraxılması doğru deyildir. Bu, birinci növbədə, tarixə və mədəniyyətə qarşı hörmətsizlikdir. Təbii ki, dünya mədəniyyətinin bir parçası olan Azərbaycan da qədim mədəni və tarixi abidələrlə zəngin bir ölkədir. Bizim müqəddəs hesab etdiyimiz abidələrin də öz zənginliyini, mədəni dəyərini qoruyub saxlaması lazımdır. Ona görə də həm beynəlxalq hüquq baxımından, həm də Azərbaycan xalqının yaratdığı mədəni və tarixi abidələrin dəyəri baxımından biz bu mədəniyyət və tarixi abidələri qorumalı, onlara hörmətlə, rəğbətlə yanaşmalı, üzərlərinə yazılar yazmamalı və onların xarici görkəminə ziyan verə biləcək hərəkətlərdən çəkinməliyik. Ümumiyyətlə, mədəni və tarixi miras tələb edir ki, hazırda mənsub olduğumuz, malik olduğumuz abidələri gələcək nəsillərə sağlam şəkildə, toxunulmamış formada saxlayaq. Azərbaycan xalqının qədim tarixi ənənələri, mədəni zənginliyi və mədəni dəyərləri bütün dünyaya, bütün dünya sivilizasiyasına aid olaraq qorunsun və bütün bu dəyərlər gələcək nəsillərə keçsin.”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, Qarabağda dağlara, qayalara və daşlara şəhidlərimizin adlarının yazılması böyük ehtiramın, qürurun və xalqın yaddaşını yaşatmaq istəyinin emosional təzahürüdür. Lakin bu cür yazıların yazılması doğru yanaşma deyil: “Şəhidlərimiz öz qanları ilə adlarını zatən o müqəddəs torpaqlara, xalqımızın qəlbinə və tariximizə əbədi həkk ediblər. Onların əziz xatirəsini yaşatmaq niyyəti ilə adlarını harada gəldi yazaraq bu ali məqamı ucuzlaşdırmaq yolverilməzdir. Qarabağda qayaların, dağların üzərinə yazılan bu cür yazılar emosional bir addım olsa da, mahiyyətcə doğru yanaşma deyil. Bu cür addımlar istəmədən şəhidlərimizin müqəddəs adının ucalığına xələl gətirir, eyni zamanda Qarabağın təbii gözəlliyinə və mənzərəsinə də zərər verir. Bizim müqəddəs borcumuz şəhidlərimizin adlarını harada gəldi yazmaq deyil, onların müqəddəs xatirəsini əməllərimizdə yaşatmaqdır. Onların canları və qanları bahasına azad edilmiş torpaqları qorumaq, abadlaşdırmaq və gələcək nəsillərə daha gözəl şəkildə çatdırmaqdır.”

Hərbi ekspert Rey Kərimoğlu bildirib ki, tarixi məkanlara müxtəlif yazı və işarələrin qoyulması həmin ərazilərin tarixiliyinə və estetik görünüşünə xələl gətirir:“Cıdır düzü adi bir yer deyil. Tarixi yerdir. Cıdır düzünün yüz illərlə tarixi yaddaşı var, qayalarda, daşlarda. Ora göz oxşayan tarixi bir yerdir, həm də mənzərədir. Ora gedib müxtəlif adlar yazmaq, işarələr qoymaq onun tarixiliyini itirir. Səliqəsiz görünür, yöndəmsiz görünür. Bunu eləmək olmaz. Həm də bildiyim qədər, ora heç bir şəhid anası gedib nəsə yazmır. Onu müəyyən adamlar yazırlar, şəhid ailələri yazmırlar. Biz də sözümüzü onlar üçün deyirik ki, belə şeylər eləməyin. İndi birinin dostudur, şəhidin adını yazır, birinin qohumudur, yazır, cavan uşaqlar gedib yazırlar. Şəhid anası əlində boya ilə gedib orada qayaya nəsə yazmır ki! Müxtəlif adamlar, heç orada şəhid adı olmayan adlar da var. Yəni şəhid olmayan adamlar, biri öz adını yazıb, biri sevgilisinin adını yazıb. Belə şeylər var, yolverilməzdir. O boyanı qayaya çəkəndə, o boya qayadan gedənə qədər onu necə təmizləyəcəksən? Qayanın örtüyü pozulur, estetik baxımdan gözəl deyil. Ora baxırsan, ürəyin bulanır. Belə şey olar? Yəni çox pisdir, çox yaramaz bir şeydir. Bunu da müəyyən adamlar edirlər. Biz də çağırışlar etdik, mən də etdim ki, ora səfərlər təşkil edən turagentlər, turizm şirkətləri başa salsınlar ki, qayanın, daşın, müxtəlif divarların üzərinə yazmaq olmaz, bunu etmək olmaz".
Nigar Xəlilli
20:00 07.09.2026
Oxunuş sayı: 58