Bunları edin, bel ağrılarınızı unudun
Bel ağrısı insanların gündəlik həyatına təsir edən ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Ağır yükün düzgün qaldırılmaması, uzun müddət hərəkətsiz oturmaq, əzələ və bağların gərilməsi, zəif bel və qarın əzələləri, artıq çəki kimi amillər ağrıya səbəb ola bilər. Bəzi hallarda isə bel ağrısı fəqərəarası disk problemləri, sinir sıxılması, artrit və digər xəstəliklərlə əlaqəli olur. Ağrının səbəbindən asılı olaraq düzgün hərəkət rejimi, fiziki aktivlik və gündəlik vərdişlərin dəyişdirilməsi profilaktikada mühüm rol oynayır.
Terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bel ağrısının ən çox rast gəlinən səbəblərindən danışıb: “Bel ağrısının ən çox rast gəlinən səbəbləri əzələ və bağların gərilməsi, ağır yükün yanlış qaldırılması, uzun müddət hərəkətsiz oturmaq, bel və qarın əzələlərinin zəifliyi, artıq çəki, siqaret və iş zamanı yüksək fiziki gərginlikdir. Bəzən disk yırtığı, sinir sıxılması, artrit, osteoporoz, travma və daha nadir hallarda böyrək və ya digər daxili orqan xəstəlikləri də ağrıya səbəb ola bilər”.

Onun sözlərinə görə, bel ağrılarının böyük hissəsində konkret struktur səbəb müəyyən edilmir: “Əslində, bel ağrılarının təxminən 90 faizində konkret struktur səbəb müəyyən edilmir. Qarşısını almaq üçün gündəlik aktiv qalmaq, müntəzəm yerimək, üzmək və bel-qarın əzələlərini gücləndirən məşqlər etmək, uzun müddət eyni vəziyyətdə qalmayıb tez-tez mövqe dəyişmək, iş yerini ergonomik qurmaq, yükü dizləri bükərək və bədənə yaxın tutaraq qaldırmaq, sağlam çəki saxlamaq və siqaretdən uzaq durmaq məsləhətdir. Uzunmüddətli yataq rejimi isə adətən faydalı deyil”.
Terapevt bildirib ki, bel ağrısı zamanı bəzi əlamətlərə xüsusi diqqət yetirmək lazımdır: “Ağrı travmadan sonra başlayıbsa, ayaqlarda zəiflik və ya keyimə, qasıq nahiyəsində hissiyyat itkisi, sidik və nəcis saxlaya bilməmə, qızdırma, səbəbsiz çəki itkisi və ya gecələr güclənən ağrı varsa, təcili tibbi müayinə lazımdır”.
Nigar Xəlilli
20:50 07.09.2026
Oxunuş sayı: 52