Uitkoff və Kuşnerin səfəri uğursuz olacaq
ABŞ-li vasitəçilər Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə növbəti səfəri Ukrayna müharibəsinin siyasi-diplomatik yollarla dayandırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Uitkoff və Kuşner indiyədək bir neçə dəfə həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslar quraraq müharibənin başa çatdırılması imkanlarını müzakirə ediblər.
Lakin indiyədək aparılan görüşlərin münaqişənin dayandırılması istiqamətində real nəticə verməməsi növbəti səfərlə bağlı gözləntiləri də zəiflədir. Tərəflərin ərazi məsələsi, Ukraynanın suverenliyi və sülhün hansı şərtlərlə əldə olunacağı ilə bağlı mövqeləri arasında ciddi ziddiyyətlərin qalması diplomatik prosesin qarşısında əsas maneələrdən biri hesab olunur.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Uitkoff və Kuşnerin indiyədək Moskva və Kiyevə etdiyi səfərlərin heç birində real və müsbət nəticə əldə olunmayıb:
“Uitkoff və Kuşner indiyə qədər bir neçə dəfə həm Moskvaya, həm də Kiyevə səfər edərək Ukrayna müharibəsinin siyasi-diplomatik yollarla dayandırılmasına yönəlmiş müzakirələr aparıblar. Mütəmadi xarakter daşıyan bu səfərlərin heç birində real, müsbət nəticə əldə olunmayıb. Elə bu səbəbdən onların növbəti səfərinin də hər hansı nəticə verəcəyi inandırıcı görünmür. Çünki Ukrayna müharibəsinin tənzimlənməsi prosesində ciddi ziddiyyətlər mövcuddur. Sülh tələb edənlərin gündəmə gətirdikləri şərtlər və təkliflər beynəlxalq hüquq normalarına, eləcə də BMT-nin hüquqi sənədlərinə uyğun gəlmir. Şərtlərin ziddiyyət təşkil etməsi də dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı prinsiplərindən qaynaqlanır. Ukrayna ərazilərinin Rusiya tərəfindən işğal edildiyi bir şəraitdə davamlı sülhün əldə olunması inandırıcı deyil. Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, Ukraynanın heç bir ərazisini Rusiyaya güzəştə getməyəcək. Bu da o deməkdir ki, Ukrayna ərazi bütövlüyünü bərpa edənədək müdafiə mövqeyində qalaraq müharibəni davam etdirmək niyyətindədir. Rusiya isə neoimperialist hədəflər uğrunda Ukraynaya qarşı işğalçı savaşa başlayaraq onun ərazilərini zəbt edib. Beynəlxalq hüquq normalarının tələbi və Ukraynanın suveren hüquqları Rusiyanın işğalçı qoşunlarını Ukrayna ərazisindən çıxarmasını, öz sərhədlərinə çəkilməsini və Kırımı Ukraynaya geri qaytararaq beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etməsini tələb edir. Yalnız bundan sonra sülhün və sabitliyin bərqərar olacağına inanmaq mümkündür. Əks halda, tərəflərdən biri tamamilə tükənib müqavimət və müharibə potensialını itirənədək bu müharibə uzun illər davam edə bilər. Qərb ölkələri də Rusiyanın Ukraynada qalib gələrək işğalçı hədəflərini reallaşdıracağı təqdirdə Avropa məkanı üçün böyük təhlükələrin yarana biləcəyini anlayırlar. Ona görə də Ukraynaya hərbi dəstəyi davam etdirməkdə qərarlı görünürlər. Aşkar şəkildə görünür ki, amerikalı vasitəçilərin Kiyev və Moskvaya səfərləri növbəti dəfə də uğursuzluqla nəticələnə bilər”.
Zeynəb Həsən
17:00 05.09.2026
Oxunuş sayı: 50