Antalyada turist sayı 6 faiz azalıb
Antalyaya 2026-cı ilin ilk səkkiz ayında gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 10 milyon 764 min 84 nəfərə düşüb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Ekonomim” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, yanvar-avqust aylarında Antalya 664 min 530 turist itirib. Sektor nümayəndələri turist axınının azalması fonunda turizm gəlirlərindəki itkinin 600-700 milyon avroya çata biləcəyini bildiriblər.
Geriləmənin əsas səbəbləri arasında qiymətlərin artması, məzənnə dəyişiklikləri, əməliyyat xərclərinin yüksəlməsi və Avropa ölkələrində Türkiyənin bahalı turizm istiqaməti kimi qəbul edilməsinin güclənməsi göstərilir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik də turist seçimlərinə təsir edən amillər sırasında qeyd olunur.
Avropa bazarında xüsusilə Almaniya, Böyük Britaniya, Polşa və Niderlanddan turist axınının azalması diqqət çəkir. Antalya Kent Şurasının Turizm Qrupu rəhbəri Recep Yavuz Avropa bazarlarında geriləmənin ciddi siqnal olduğunu bildirib.
Bununla yanaşı, bəzi bazarlarda artım qeydə alınıb. 2026-cı ilin ilk səkkiz ayında Antalyaya Rusiyadan 2 milyon 172 min turist gəlib və bu göstərici ötən ilin səviyyəsini qoruyub. Ukraynadan gələn turistlərin sayı isə 5 faiz artaraq 306 min 795 nəfərə çatıb.
İran bazarında isə kəskin azalma yaşanıb. Antalyaya gələn iranlı turistlərin sayı 73 faiz azalıb. İsraildən gələn turistlərin sayında isə 59 faiz artım qeydə alınıb.
Sektor nümayəndələrinin hesablamalarına görə, turist sayındakı azalmanın ilin sonuna qədər daha da artması mümkündür. Peşəkar Otel Menecerləri Assosiasiyasının rəhbəri Hakan Saatçioğlu ilin sonunadək Antalyada turist itkisinin 1 milyona çata biləcəyini bildirib.
NBK Touristik şirkətinin baş direktoru və Antalya Kent Şurasının Turizm Qrupu rəhbəri Recep Yavuz isə uçuş, otel, paket turlar və turistlərin fərdi xərclərini nəzərə alaraq, Antalya üçün təxminən 620 milyon avro turizm gəliri itkisi yarandığını deyib.
Digər tərəfdən, MK Group şirkətinin İdarə Heyətinin üzvü Korhan Alşan real gəlir itkisinin turist sayındakı azalma ilə eyni səviyyədə olmaya biləcəyini və Antalya üzrə faktiki itkinin 350-500 milyon dollar arasında qala biləcəyini bildirib.
Mütəxəssislər Antalya turizmində yalnız turist sayının deyil, bir turistin yaratdığı iqtisadi dəyərin və adambaşına xərclərin də əsas göstəriciyə çevrildiyini vurğulayırlar.
17:41 07.09.2026
Oxunuş sayı: 49