AMB: Bəzi xarici investisiya platformalarından istifadə ölkədə təşviq edilir
Azərbaycan Mərkəzi Bankı (AMB) apardığı monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının ölkədə müxtəlif vasitələrlə təşviq edildiyini və yerli rezidentlərin bu platformalara cəlb olunduğunu müəyyən edib.
Crossmedia.az AMB-yə istinadən xəbər verir ki, sözügedən platformaların xidmətləri internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təqdim və təşviq olunur.
"Xarici ölkələrin tənzimləyici qurumlarınım verdiyi verdiyi lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycanda investisiya xidmətləri göstərmək və yaxud bu xidmətləri təşviq etmək hüququ vermir. Qanunvericiliyə əsasən, ölkədə investisiya xidmətlərinin göstərilməsi yalnız AMB-nin verdiyi müvafiq lisenziya əsasında mümkündür. İstənilən investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycanda fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq vacibdir.
İnvestor hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada qorunması məqsədilə vətəndaşlara investisiyalarını yalnız AMB-nin verdiyi investisiya şirkəti lisenziyasına malik olan şəxslərə etibar etməyi tövsiyə edilir", - deyə tənzimləyici qurum bəyan edib.
14:56 21.08.2026
Oxunuş sayı: 50