50 min müəllim ştatı ixtisara salına bilər - Diqqət
Azərbaycanda demoqrafik göstəricilərlə bağlı diqqətçəkən dəyişikliklər müşahidə olunur. Son illərdə uşaqların əhali içərisində payının azalması və doğum göstəricilərinin aşağı düşməsi cəmiyyətin gələcək demoqrafik mənzərəsi ilə bağlı suallar yaradır. Məlumatlara görə, 18 yaşa qədər uşaqların əhalidə payı 2005-ci ildəki 31,8 faizdən sonrakı illərdə 25 faiz ətrafına qədər geriləyib. Bəs Azərbaycanda doğumların azalmasının əsas səbəbləri hansılardır? Əhalinin yaş strukturunda baş verən dəyişikliklər gələcəkdə ölkəyə hansı sosial təsirləri göstərə bilər?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, təbii artımda ləngimə artıq Azərbaycanda tendensiya xarakteri alıb və bu, bütün dünyada müşahidə olunan daha geniş demoqrafik prosesin tərkib hissəsidir: “Təbii artımda ləngimə böyük bir prosesdir və bütün dünyada baş verir. Az ölkə var ki, təbii artımda, demoqrafik artımda dinamikanı hələ də qoruyub saxlayır. Məsələn, Afrika ölkələrində bu dinamika var. Azərbaycan üçün demoqrafik ləngimə və təbii artımın bu şəkildə zəifləməsi əvvəllər xarakterik olmayıb. Artıq bir neçə ildir ki, Azərbaycanda təbii artımda ləngimə tendensiya şəklini alıb. 2022-ci ildə yenidoğulanların sayı 122 mindən bir qədər çox idi. 2023-cü ildə isə bu rəqəm 112 minə düşüb və sonrakı illərdə də bu tendensiya davam edir. Görürük ki, hər il təbii artımda ləngimə, geriləmə özünü göstərir. Düzdür, əhali artır, amma illik artım tempində geriləmə var. Bu, çox ciddi siqnaldır. Təsadüfi deyil ki, Azərbaycanda sosial xidmətlə bağlı dövlət proqramının preambula hissəsində də qeyd olunurdu ki, son 22 il ərzində Azərbaycanda əhali cəmi 26,4 faiz artıb, amma ahılların sayı 99,4 faiz artıb. Bu o deməkdir ki, əhali içərisində yaşlı insanların payı artır, gənclərin və yenidoğulanların sayında isə azalma müşahidə olunur. 10 il əvvəl Azərbaycanda uşaqlar əhalinin təxminən 30-31 faizini təşkil edirdisə, indi bu göstəricinin 25 faizə düşdüyünü görürük. Bu, çox ciddi geriləmədən xəbər verir”.

Ü.Şəfiyev təbii artımın zəifləməsinin əsas səbəbləri sırasında cəmiyyətdə baş verən düşüncə transformasiyasını, ailə modelində dəyişiklikləri və boşanmaların artmasını qeyd edib: “Səbəblərdən biri cəmiyyətdə düşüncə transformasiyasının yaşanmasıdır. İnsanlar artıq əvvəlki kimi çoxuşaqlı ailəyə üstünlük vermirlər. Əvvəllər çoxuşaqlılıqla bağlı müəyyən mənada sosial yarış var idisə, indi insanlar düşünürlər ki, az uşaq olsun, amma keyfiyyətli böyüsün. Əhalinin mədəni və təhsil səviyyəsi ilə təbii artım arasında müəyyən korrelyasiya var. Mədəni və təhsil səviyyəsi artdıqca insanlar ailə planlamasında daha az uşağa üstünlük verirlər. Bu tendensiya özünü göstərir. Digər tərəfdən, boşanmaların artan statistikası da təbii artımda ləngiməyə təsir göstərir. Digər səbəb isə regionlardan mərkəzi şəhərlərə və paytaxta axındır. Çünki ən yüksək təbii artım, demoqrafik artım bölgələrdə idi. Regionlardan paytaxta axın artdıqca, təbii artım da bölgələrdə zəifləyir. Hesab edirəm ki, insanlar bu gün daha çox rahat və komfortlu yaşamaq istəyirlər. Ailə və uşaq məsuliyyəti daşımaq istəmirlər, daha çox fərdi həyata üstünlük verirlər. Əgər təbii artımda belə ləngimə davam edərsə, bunun bir sıra sosial fəsadları ola bilər. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin son hesabatında da vurğulandı ki, əgər yenidoğulanların sayında azalma tendensiya halını alarsa, yaxın gələcəkdə 50 min müəllim ştatı ixtisara salına bilər. Çünki birinci sinfə gedən şagirdlərin sayında azalma olacaq. Bundan başqa, orta perspektivdə səfərbərliklə bağlı da Azərbaycan üçün problem yarana bilər. Genofond təhlükəsizliyi məsələsi də ortaya çıxa bilər. Əhali azala və digər demoqrafik tendensiyalar özünü göstərə bilər. Təbii artım aşağı düşdükcə mexaniki artım, yəni miqrantların Azərbaycana axını çoxala bilər. Bu da Avropanın qarşılaşdığı miqrasiya prosesləri ilə bizi üz-üzə qoya bilər. Sabah əmək bazarında da problem yarana bilər və əmək bazarına miqrantlar daha çox daxil ola bilərlər. Bu prosesin qarşısını almaq üçün təbii artımı, demoqrafik artımı təşviq etmək lazımdır. Bunun üçün bir sıra demoqrafik təşviq alətlərindən istifadə etmək olar. Məsələn, uşaqpulu adlanan sosial müavinətlərin bərpa olunması, hər uşağa görə diferensial sosial müavinətin verilməsi mümkündür. Aztəminatlı ailələrdən olan gənclərin ailə qurarkən müəyyən ehtiyaclarının qarşılanmasına dəstək göstərilə bilər. Gənclərin məşğulluğunun təminatı sahəsində əlavə dəstək tədbirləri görmək, mənzil probleminin həlli üçün imkanları genişləndirmək olar. Düzdür, güzəştli mənzillər fondu var, ancaq bu, gənclərin və gənc ailələrin az hissəsini əhatə edir. Bu imkanları genişləndirmək mümkündür. Regionlara geri dönüşü təşkil etmək üçün də əlavə proqramlara ehtiyac var. Hər yeni doğulan uşaq üçün bank hesabı açıb orada vəsait toplamaq da mümkün variantlardan biridir. Məsələn, ABŞ-da 2026-2028-ci illəri əhatə edən proqram çərçivəsində hər doğulan uşaq üçün hesab açılması və oraya təxminən 1000 dollar vəsait qoyulması nəzərdə tutulur. Sonradan həmin vəsait qiymətli kağızlar bazarına yönəldilir və uşaq gələcəkdə bundan istifadə edə bilir. Azərbaycanda da bunun oxşarını tətbiq etmək olar. Belə təşviq alətləri ilə demoqrafik ləngimənin qarşısını almaq mümkün olar. Güman edirəm ki, ölkəmizdə də demoqrafik diaqnostik qiymətləndirmə həyata keçiriləcək. Əgər demoqrafik ləngimənin artıq tendensiya halını aldığı təsbit olunarsa, hökumət preventiv və profilaktik tədbirlər görəcək, demoqrafik təşviq alətlərindən istifadə edəcək”.
Zərnigar Hüseynli
15:00 21.08.2026
Oxunuş sayı: 48