Avropanın dənizləri qızır: bəzi ərazilərdə temperatur 6°C yüksəlib
Avropanı əhatə edən dənizlərdə anomal istiləşmə müşahidə olunur. Alimlər bildirirlər ki, iqlim dəyişikliyinin təsiri ilə yaranan dəniz istilik dalğaları ekosistemlər və sahilyanı yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Atlantik okeanı və Aralıq dənizinin bəzi hissələrində suyun temperaturu normadan 6 dərəcə yüksəkdir.
World Weather Attribution konsorsiumunun yayımladığı araşdırmada qeyd olunur ki, bu il Avropa ətrafında qeydə alınan yüksək dəniz temperaturunun əsas səbəbi qlobal istiləşmədir.
Araşdırmaya görə, iyul ayında Aralıq dənizinin orta temperaturu 27 dərəcədən bir qədər yüksək olub və bu, müşahidələr tarixində həmin ay üçün ən yüksək göstərici sayılır. Mayorkanın qərbində yerləşən ölçmə cihazlarından birində isə açıq dənizdə suyun temperaturu 33 dərəcədən yuxarı qeydə alınıb.
Alimlər bildirirlər ki, yüksək temperatur dəniz canlılarına ciddi təsir göstərir, bəzi ərazilərdə meduzaların sayının artmasına səbəb olur və ilin sonrakı aylarında dağıdıcı fırtınaların yaranması riskini yüksəldir.
Tədqiqat çərçivəsində Şərqi və Qərbi Aralıq dənizi, Biskay körfəzi və Pireney yarımadası ətrafındakı Atlantik suları, həmçinin İrlandiya və Britaniyanın qərb sahillərindəki dənizlər araşdırılıb.
Alimlərin hesablamalarına əsasən, iqlim dəyişikliyi Aralıq dənizinin hər iki hissəsində temperaturu təxminən 2°C, Pireney yarımadası ətrafındakı sularda 1,4°C, İrlandiya ətrafındakı sularda isə 1,3°C artırıb.
12:35 19.08.2026
Oxunuş sayı: 59