31-ci AFS Gənclər Assambleyası başa çatıb
2026-cı ilin 12–14 avqust tarixində İsveçrənin Cenevrə şəhərində keçirilən və müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS (American Field Service) Gənclər Assambleyası (AFS Youth Assembly) uğurla başa çatıb.
Crossmedia.az xəbər verir ki, Assambleyaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADG-nin Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan 5 üzvü qatılıb. Tədbir çərçivəsində gənclər dayanıqlı inkişaf, qlobal vətəndaşlıq, liderlik, gənclərin qərar qəbuletmə proseslərində rolu, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlər mövzularında keçirilən panel müzakirələrində, təlim sessiyalarında və interaktiv proqramlarda fəal iştirak ediblər.
ADG nümayəndələri müxtəlif ölkələrdən olan iştirakçılarla səmərəli görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə edib, Azərbaycanın diaspor gənclərinin fəaliyyəti, ölkəmizin multikultural dəyərləri və dövlət gənclər siyasəti barədə ətraflı məlumat veriblər.
Tədbirin son günü – 14 avqust tarixində keçirilən “Mədəniyyət Günü” ("Culture Day") proqramı iştirakçı ölkələrin mədəni irsinin tanıdıldığı ən yaddaqalan tədbirlərdən biri olub. ADG nümayəndələri Azərbaycanın zəngin tarixi, milli-mədəni dəyərləri, adət-ənənələri və milli mətbəxini beynəlxalq auditoriyaya yüksək səviyyədə təqdim ediblər. Azərbaycan guşəsi iştirakçıların böyük marağı ilə qarşılanıb, milli atributlarımız və mədəni irsimiz haqqında geniş məlumat verilib.
31-ci AFS Gənclər Assambleyasında iştirak Azərbaycan diaspor gənclərinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq gənclər platformalarında tanıdılması baxımından mühüm nəticələrlə yadda qalıb. Tədbir çərçivəsində qazanılan təcrübə və qurulan əlaqələrin gələcək layihələrdə və beynəlxalq təşəbbüslərdə səmərəli şəkildə istifadə olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan bu iştirak diaspor gənclərinin beynəlxalq səviyyədə fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və Azərbaycanın dünya miqyasında layiqincə təmsil olunmasına verilən töhfənin növbəti uğurlu nümunəsidir.
11:19 18.08.2026
Oxunuş sayı: 47