Azərbaycanın çay mədəniyyəti Brüsseldə maraqla qarşılanıb
Brüsseldə keçirilən beynəlxalq “Brüssel Çay Festivalı 2026”-da (“Brussels Tea Festival 2026”) Azərbaycanın çay mədəniyyəti nümayiş olunub.
Festivalda ölkəmizi “FireLand” Azərbaycanlılar Birliyi təmsil edib. Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə təşkil olunan stenddə müxtəlif çeşidli Azərbaycan çayları, milli şirniyyatlar və mürəbbələr təqdim olunub.
Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Qonaqlar Azərbaycan çayının müxtəlif növlərini dadıb, qonaqpərvərlik ənənələrimizlə yaxından tanış olublar. Ziyarətçilərə çay mədəniyyətimiz və çay süfrəsinin xalqımızın gündəlik həyatındakı yeri barədə məlumat verilib.
Festivalda Belçika, Niderland, Fransa, Yaponiya, Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Almaniya, Çexiya, Şri Lanka və digər ölkələrdən nümayəndələr iştirak edib.
17:23 06.10.2026
Oxunuş sayı: 55