WUF13 sadəcə konfrans deyil, qlobal şəhər platformasıdır - Anar Quliyev
Dünya Şəhərsalma Forumu sadəcə bir konfrans deyil. Bu, qlobal şəhər siyasətinin inkişaf etdirilməsi, tərəfdaşlıqların gücləndirilməsi, Yeni Şəhər Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının dəstəklənməsi üçün əsas platformadır.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.
O, qeyd edib ki, WUF13 beynəlxalq ictimaiyyət üçün həlledici bir dövrdə keçirilir — şəhərlərin iqlim dəyişikliyi, mənzil əlçatanlığı, miqrasiya, infrastrukturun dayanıqlılığı və sosial həmrəylik kimi məsələlərin mərkəzində dayandığı bir zamanda. Məhz buna görə WUF13 böyük əhəmiyyət daşıyır.
Bu il keçirilən forum tarixi bir mərhələdir. İlk dəfə olaraq Dünya Şəhərsalma Forumu çərçivəsində və Azərbaycan Respublikasının təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi Liderlər Sessiyası təşkil olunub.
Azərbaycan üçün WUF13-ə ev sahibliyi etmək həm böyük şərəf, həm də dərin məsuliyyətdir. Bu, dayanıqlı şəhər inkişafına, şəhər və icmalarımızın yenidən qurulmasına və dirçəldilməsinə, həmçinin dialoq və tərəfdaşlıqlar vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqliyimizi əks etdirir.
Bugünkü Liderlər Sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdırmaq və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair qlobal öhdəliyi daha da möhkəmləndirmək üçün unikal imkan yaradır.
Ayhan
15:17 18.05.2026
Oxunuş sayı: 42