Bakıda WUF13-ün ikinci günü start götürülür
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işə başlayıb.
Crossmedia.az xəbər verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstərici WUF tarixində ən yüksək iştirak göstəricilərindən biri kimi qiymətləndirilir.
Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum “Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.
Forumun ilk günü çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası keçirilib. Həmçinin WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi təşkil olunub. Mərasimdə Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.
İlk gün ərzində bir sıra mühüm assambleya və sessiyalar da baş tutub. Bunlar arasında “Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyası”, “Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması”, “Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası sessiyası, “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik” mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası, eləcə də “Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar” və “Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil” mövzularında sessiyalar yer alıb.
WUF13-də iştirak edən xarici nümayəndələr və ekspertlər Bakıda keçirilən forumun dayanıqlı inkişaf, rəqəmsal həllər, əlçatan yaşayış, ekoloji yanaşmalar və müasir urbanizasiya baxımından beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu bildiriblər. Onlar Azərbaycanın forumu yüksək səviyyədə təşkil etdiyini və tədbirin gələcək şəhər modellərinin formalaşdırılmasına töhfə verəcəyini vurğulayıblar.
Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən könüllülər isə iştirakçılar və media nümayəndələri üçün operativ dəstək göstərərək forumun təşkilati işinə töhfə veriblər.
WUF13-ün ikinci gününün proqramı da olduqca zəngindir. Gün ərzində əvvəlcə forumun ikinci gününə həsr olunan rəsmi açılış mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bu günün əsas yeniliklərindən biri isə WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqramda yer almasıdır. Bu yeniliyin forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artırdığı qeyd olunur.
Bundan başqa, gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin — Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası keçiriləcək.
Forum çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin də təqdimatı planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, həmçinin “yaşıl enerji zonası” istiqamətində görülən işlərin beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanacağı gözlənilir.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi imkanlarını və ölkənin qlobal əməkdaşlıq təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir. Forum həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma hesab olunur.
Tədbir zamanı BMT-nin rəsmi dilləri olan ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin edilir.
09:05 18.05.2026
Oxunuş sayı: 51