Bu gün Azərbaycanda hökm sürən sabitlik Heydər Əliyev siyasətinin nəticəsidir - RƏY
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə dərin ehtiram və minnətdarlıq hissi ilə qeyd olunur. Müasir Azərbaycanın memarı və qurucusu olan dahi dövlət xadimi özünün zəngin siyasi fəaliyyəti, uzaqgörən strategiyası və milli maraqlara əsaslanan idarəçilik prinsipləri ilə dövlətimizin müstəqilliyinin möhkəmlənməsində və beynəlxalq nüfuzunun artmasında müstəsna rol oynayıb.
Bu gün də Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz regionun aparıcı dövlətlərindən biri kimi inkişafını davam etdirir. Ümummilli Liderin dövlətçilik fəlsəfəsi, xalqına bağlılığı və Azərbaycan naminə həyata keçirdiyi tarixi xidmətlər hər zaman minnətdarlıqla xatırlanır və gələcək nəsillər üçün mühüm örnək olaraq qalır.

Ulu Öndərin gördüyü işlər misilsiz fəaliyyəti ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan xalqı qarşısında Heydər Əliyevin xidmətləri misilsiz və müqayisəolunmazdır. O, bir-birinə tamamilə zidd olan iki fərqli ictimai-siyasi sistemdə — həm birpartiyalı kommunist rejimində, həm də azad, demokratik və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən müstəqil Azərbaycanda ölkəyə rəhbərlik etmiş və hər iki dövrdə böyük uğurlar qazanmışdır. Onun xidmətlərini sadalamaqla bitirmək mümkün deyil. Yalnız görülən işlərin adlarını çəkmək üçün belə uzun zaman lazım olar. Heydər Əliyev ilk növbədə Azərbaycançılığı milli ideologiya səviyyəsinə yüksəldərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid dövlətçilik məfkurəsi ətrafında birləşdirdi. O, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Bəli, Azərbaycan 1991-ci ilin oktyabrında formal olaraq müstəqilliyini əldə etmişdi. Lakin həmin dövrdə dövlət idarəçiliyi zəif idi, ölkədə xaos və siyasi böhran hökm sürürdü. Əgər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycan çox böyük faciələrlə üz-üzə qala, hətta müstəqilliyini itirə bilərdi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla ölkədə sivil siyasi mübarizə mədəniyyətinin formalaşmasına mühüm töhfə verdi və milyonlarla insanı bu siyasi xətt ətrafında birləşdirdi. 1994-cü il mayın 12-də atəşkəs protokolunun imzalanmasına nail olmaqla Azərbaycanın həmin dövrdə ağır nəticələrə səbəb olan müharibədən çıxmasına, danışıqlar prosesinin isə sülh müstəvisinə keçməsinə şərait yaratdı. Sonrakı illərdə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan gücləndi, ordumuz formalaşdı, beynəlxalq mövqelərimiz möhkəmləndi və nəticədə torpaqlarımız işğaldan azad edildi".
O bildirib ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu, eyni zamanda ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsinə mühüm təminat yaratdı: "Sovet dövründə də Heydər Əliyevin rəhbərliyi ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Naxçıvan və Lənkəran kimi şəhərlərin sənaye potensialı gücləndirildi, ölkənin iqtisadi inkişafı üçün mühüm baza formalaşdırıldı. Azərbaycançılıq ideyasının əsasları məhz həmin dövrdə qoyulmuşdu. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin milli maraqlara söykənən siyasətinin mühüm nəticələrindən biri idi. 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk Konstitusiyası onun rəhbərliyi ilə hazırlanaraq ümumxalq referendumu ilə qəbul edildi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən mühüm xidmətlərindən biri də siyasi kursunun davamlılığını təmin etməsi oldu. Onun siyasi varisi İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək və daha da inkişaf etdirərək qüdrətli Azərbaycan dövləti formalaşdırdı. Bu gün Azərbaycanda hökm sürən sabitlik, inkişaf, əmin-amanlıq və müstəqillik məhz həmin siyasətin nəticəsidir. Heydər Əliyev deyirdi: “Nə qədər Azərbaycan var, mən də varam”. Bu fikir bu gün də öz aktuallığını qoruyur. Azərbaycan dövləti də, Azərbaycan xalqı da əbədi olacaq və Heydər Əliyevin adı xalqımızın yaddaşında daim yaşayacaqdır".
Elmir Heydərli
18:53 09.05.2026
Oxunuş sayı: 45