Azərbaycan və Monqolustan Baş Prokurorluqları arasında anlaşma memorandumunun detalları məlum oldu
Müasir dövrdə transmilli cinayətkarlıq, kiber təhlükələr, korrupsiya, maliyyə cinayətləri və insan alveri kimi çağırışlar hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycan və Monqolustan Baş Prokurorluqları arasında anlaşma memorandumunun imzalanması iki ölkə arasında hüquqi münasibətlərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından diqqət çəkən addım hesab olunur.
Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və transmilli cinayətkarlığa qarşı daha effektiv mübarizə imkanları yarada bilər. Eyni zamanda, memorandumun gələcəkdə prokurorluq orqanları arasında təcrübə mübadiləsi, rəqəmsal hüquqi mexanizmlərin tətbiqi və beynəlxalq hüquqi əlaqələrin inkişafı baxımından da yeni perspektivlər açacağı gözlənilir.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlama verib: “Azərbaycanla Monqolustan arasında baş prokurorluqlar səviyyəsində anlaşma memorandumunun imzalanmasını müsbət və perspektivli addım hesab edirəm. Çünki müasir dövrdə prokurorluq orqanlarının fəaliyyəti artıq yalnız ölkə daxilində cinayət təqibi ilə məhdudlaşmır. Transmilli cinayətkarlıq, kiber cinayətlər, maliyyə fırıldaqları, korrupsiyaya qarşı mübarizə, insan alveri və digər çağırışlar hüquq-mühafizə orqanları arasında birbaşa və operativ əməkdaşlığı zəruri edir. Qeyd etməliyəm ki, Azərbaycan Baş Prokurorluğu son illərdə geniş beynəlxalq əlaqələr formalaşdırıb. Bu istiqamətdə Baş prokurorun rolunu da xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, belə sənədlərin imzalanması sadəcə protokol xarakteri daşımır. Bu, eyni zamanda hüquqi əməkdaşlığın institusional əsaslarının qurulması deməkdir. Son illərdə Azərbaycan prokurorluq orqanlarının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və hüquqi mexanizmlərin müasirləşdirilməsi istiqamətində atdığı addımlar diqqəti cəlb edir. Mən düşünürəm ki, Monqolustanla imzalanan bu memorandum da həmin siyasətin davamı kimi qiymətləndirilə bilər”.
Ekspert əlavə edib ki, prokurorluq fəaliyyəti baxımından belə memorandumların böyük praktiki əhəmiyyəti var: “Bəzən hər hansı cinayət işi üzrə məlumatın vaxtında əldə olunması, hüquqi sorğuların operativ cavablandırılması və qarşılıqlı hüquqi yardım mexanizmlərinin işlək olması istintaqın nəticəsinə birbaşa təsir göstərir. Əgər dövlətlər arasında belə əməkdaşlıq mexanizmləri qurulmayıbsa, bir çox hallarda sorğular gecikir və ya cavabsız qalır. Halbuki transmilli cinayətkarlıq sürətlə genişlənən və sərhəd tanımayan təhlükədir. Məhz buna görə də belə memorandumların imzalanması və hüquqi əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bu, həm əməkdaşlığın sürətini artırır, həm də transmilli cinayətkarlığa qarşı daha effektiv və koordinasiyalı mübarizə imkanları yaradır”.
Ayhan
20:54 07.05.2026
Oxunuş sayı: 52