Türkiyə ilə hərbi əməkdaşlığın inkişafı Azərbaycan üçün nə vəd edir?
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə müdafiə sənayesi sahəsində həyata keçirilən birgə layihələr iki qardaş ölkənin təhlükəsizlik imkanlarının genişlənməsində mühüm rol oynayır. İndi isə tərəflərin zirehli texnikaların modernizasiyası istiqamətində əməkdaşlığa başlaması həm ordunun texniki imkanlarının artırılması, həm də hərbi sənaye sahəsində yeni perspektivlərin yaranması baxımından diqqət çəkir.
Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq Azərbaycan Ordusunun daha müasir və çevik texnologiyalarla təmin olunmasına, döyüş qabiliyyətinin güclənməsinə ciddi töhfə verə bilər. Digər tərəfdən, Türkiyənin müdafiə sənayesində qazandığı təcrübə və texnoloji imkanlar Azərbaycanın gələcəkdə modernləşdirilmiş zirehli texnikaların istehsalı və hətta ixracı istiqamətində yeni imkanlar əldə etməsinə şərait yarada bilər.

Mövzu ilə bağlı hərbi jurnalist Asəf Quliyev Crossmedia.az-a açıqlama verib:
“Son illər bütün dünyada yaranmış hərbi-siyasi vəziyyət onu diktə edir ki, ölkələr ilk növbədə öz təhlükəsizliklərini təmin etmək üçün müəyyən addımlar atsınlar. Azərbaycan da bu istiqamətdə həm hərbi strukturlarını və ordusunu gücləndirir, həm də hərbi-sənaye kompleksini inkişaf etdirir. Bu inkişaf yalnız Azərbaycanın daxili imkanları çərçivəsində deyil, eyni zamanda müxtəlif ölkələrlə əməkdaşlıq əsasında həyata keçirilir. Məsələn, İsrail, Çexiya və digər dövlətlərlə hərbi-sənaye kompleksinin inkişafı istiqamətində mühüm addımlar atılır. O cümlədən, qardaş Türkiyə Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Türkiyə ilə həyata keçirilən layihələr müxtəlif sahələri əhatə edir. Bunların sırasında hərbi texnikanın modernləşdirilməsi istiqamətində görülən işlər də mühüm yer tutur”.
Ekspert əlavə edib ki, bu addımlar yalnız daxili tələbatı ödəmək məqsədi daşımır: “İlk növbədə, ölkənin təhlükəsizliyini təmin etmək və müdafiə qabiliyyətini gücləndirmək üçün müəyyən potensialın formalaşdırılması zərurətindən irəli gəlir. Digər tərəfdən isə, bu gün dünyada formalaşan vəziyyət silah sənayesinin iqtisadi baxımdan da perspektivli sahəyə çevrildiyini göstərir. Silah və hərbi texnika ixracı ölkələr üçün əlavə gəlir mənbəyi yaradır. Bu baxımdan Azərbaycan da müxtəlif sahələrdə olduğu kimi, hərbi-sənaye istiqamətində öz imkanlarını dəyərləndirir və mövcud potensialından istifadə edərək addımlar atır. Məqsəd həm milli təhlükəsizliyi qorumaq, həm də gələcəkdə bu sahədən iqtisadi gəlir əldə etməkdir. Bu, tamamilə normal və perspektivli yanaşmadır. Ümid etmək olar ki, Azərbaycan gələcəkdə bu əməkdaşlıqlardan həm öz təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də modernləşdirilmiş hərbi texnikanın istehsalı və satışı vasitəsilə iqtisadi qazanc əldə etmək üçün səmərəli şəkildə istifadə edəcək”.
Ayhan
20:19 07.05.2026
Oxunuş sayı: 46