Əlaqələr normallaşır: Qərbi Azərbaycanlılar Ermənistana qayıdır?
Türkiyə və Ermənistan rəsmiləri regionda normallaşma prosesinin davamı çərçivəsində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammitində görüş keçiriblər. Tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı xüsusilə nəqliyyat, enerji, rəqəmsal infrastruktur və sərhədyanı əlaqələrin inkişafı kimi istiqamətlərdə mümkün addımlar diqqət mərkəzində olub. Görüş iki ölkə arasında dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli mərhələ kimi dəyərləndirilir.
Mövzu ilə əlaqədar Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli Ermənistanla münasibətlərin regional təhlükəsizlik baxımından normal məcraya düşdüyünü bildirib: "İndiyədək olduğu kimi Azərbaycan və Türkiyə sinxron formada Ermənistanla münasibətlərini qurur, davamlı olaraq qarşılıqlı müzakirələr aparır, məsləhətləşmələr edirlər. Türkiyə rəsmiləri qeyd ediblər ki, Ermənistanla münasibətlərdə Azərbaycanın maraqları təmin olunmalı, Ermənistan sülh prosesinə dəstək verməlidir. Hazırkı vəziyyətdə Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişlənməsi və bununla bağlı Türkiyənin vitse-prezidentinin Ermənistana səfəri, orada bir sıra sənədlərin imzalanması ümumi maraqlara xidmət edir. Azərbaycan və Türkiyə hazırkı vəziyyətdə çalışırlar ki, Ermənistanı başqa qüvvələrin, o cümlədən Avropa ölkələrinin və Rusiyanın təsir dairəsindən çıxarsınlar. Belə ki, bu dövlətlərin təsiri Ermənistana nə qədər az olsa, bir o qədər yaxşıdır. Belə olduqda Azərbaycan Ermənistanla ticarət əlaqələrini gücləndirir, tranzit yüklərin daşınmasına yardım edir".

S.Məmmədlinin sözlərinə görə, Türkiyə artıq Ermənistanla bir neçə gömrük məntəqəsinin açılmasına hazırlaşır: "Bu, müsbət haldır. Nikol Paşinyan komandasına parlament ərəfəsində edilən dəstəkdir. Nəzərə almaq lazımdır ki, artıq İstanbul ilə İrəvan arasında əlaqələr yaranır, aviaşirkətlər fəaliyyət göstərir. Düşünürəm ki, Ermənistan-Türkiyə arasında geniş əlaqələr formalaşsa, həm Azərbaycanın, həm də Türkiyənin xeyrinə olar. Çünki Ermənistan cəmiyyəti başqa qüvvələrin təsiri altından çıxar. Ermənistanın 2 milyon yarım əhalisi var. Sözsüz ki, Türkiyə və Azərbaycan mühiti prosesə ciddi şəkildə təsir edər. Həmçinin ticarət, turizm artacaq, Türkiyə şirkətləri Ermənistana gedəcək. Əlaqələr nə qədər güclü olsa, gələcək sülh prosesi üçün çox faydalı olar. Azərbaycan cəmiyyətinin marağı ona yönəlib ki, Ermənistan rəhbərliyi vaxtilə dədə-baba yurdundan qovulmuş 300.000 Qərbi azərbaycanlının Ermənistana qayıtmasını təmin etsin".
Fatimə
18:21 06.05.2026
Oxunuş sayı: 50