Avropa Siyasi Birliyinin İrəvan sammiti - İlham Əliyevin çıxışı Avropa siyasətinə hansı siqnalları verdi?
Ölkə başçısı İlham Əliyev bu gün videoformatda keçirilən Avropa Siyasi Birliyinin VIII sammiti çərçivəsində beynəlxalq müzakirələrə qatılıb. Sammitin İrəvan şəhərində təşkil olunması regional və qlobal siyasi gündəmin mühüm məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə Avropa və dünya liderlərinin iştirakı nəzərdə tutulur ki, bu da platformanın beynəlxalq dialoq üçün önəmli məkan olduğunu bir daha təsdiqləyir. Azərbaycanın bu sammitdə iştirakı ölkənin qlobal siyasi proseslərdə aktiv mövqeyini və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin keçirilən sammitinə videoformatda qatıldı. Bu iştirak, ilk növbədə, Avropa siyasi liderlərinin regionda sülhün Azərbaycanın iştirakı olmadan mümkün olmadığını qəbul etdiklərini göstərir.
Eyni zamanda, bu fakt onu təsdiqləyir ki, həmin liderlər Azərbaycan Prezidentinin bu konfransda iştirakını zəruri hesab edirlər.

Çıxışı zamanı Azərbaycan Prezidenti vurğuladı ki, ölkəmiz sülh gündəliyinə sadiqdir. Bununla yanaşı, o da qeyd olundu ki, Cənubi Qafqazda sülh prosesinə mane olmaq istəyən müxtəlif qüvvələr mövcuddur.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz sülh mövqeyini dəyişmir.
Eyni zamanda, Ermənistanın Baş naziri tərəfindən də sülh istiqamətində ardıcıl siyasət aparıldığı diqqətə çatdırıldı.
Sülh istəməyən qüvvələr kontekstində Azərbaycan Prezidenti dolayı şəkildə Avropa Parlamentinə də işarə etdi. Bu yanaşma, mənim fikrimcə, Avropa siyasi liderlərinə ünvanlanmış cəsarətli və əsaslandırılmış bir mesajdır.
Başqa sözlə, əgər bundan sonra da Avropa siyasətçiləri və müvafiq qurumları, o cümlədən Avropa Parlamenti, beynəlxalq hüquq və Avropa dəyərlərinə əsaslanmaq əvəzinə selektiv mövqedən çıxış edərlərsə, bu, dolayısı ilə sülhə qarşı mövqe kimi qiymətləndirilə bilər.
Hesab edirəm ki, bu, olduqca mühüm mesaj idi. Azərbaycan Prezidentinin son 8 ay ərzində sülhün əldə olunması istiqamətində atılan addımları vurğulaması həm də ölkəmizin regionda sabitliyin təmin olunmasına verdiyi töhfəni Avropa Siyasi Birliyi liderlərinin diqqətinə çatdırdı.
Nəticə etibarilə, Azərbaycan Prezidentinin bu konfransa videoformatda qatılması bir daha göstərdi ki, Azərbaycan sülhpərvər mövqedən çıxış edir və regionda davamlı sülhün təmin olunmasında maraqlıdır".
Elmir Heydərli
16:28 04.05.2026
Oxunuş sayı: 169