Hikmət Hacıyev: Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub
Təəssüf ki, Qarabağ 30 il ərzində münaqişə ilə assosiasiya olunurdu, lakin Azərbaycan regionda sülhə can atır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.
"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunurdu. Lakin, Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə – Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", - o bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.
"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmurdu. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", - o vurğulayıb.
Hacıyev qeyd edib ki, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur.
"Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirdi və Ermənistana sülh əlini uzatdı", - o bildirib.
15:24 01.05.2026
Oxunuş sayı: 310