Azərbaycanın Ukraynaya humanitar yardımı davam etdirməsinə Rusiya necə reaksiya verəcək? - RƏY
Dövlətlərarası münasibətlərdə humanitar yardımlar təkcə dəstək mexanizmi deyil, həm də ölkələrin beynəlxalq nüfuzuna təsir edən mühüm amil kimi qiymətləndirilir. Xüsusilə münaqişə və böhran dövrlərində göstərilən yardım həm siyasi mövqeni, həm də ictimai rəyi formalaşdırır. Son illər davam edən Rusiya–Ukrayna müharibəsi fonunda bu məsələ daha da аktuallaşıb. Azərbaycan da bu prosesdə humanitar təşəbbüsləri ilə diqqət çəkən ölkələrdən biri kimi çıxış edir.

Professor, siyasi elmlər doktoru Sabir Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, dövlətlərarası münaqişələr və yaxud fövqəladə hallar vəziyyəti yaranarkən bir ölkəyə qonşu və dost ölkələr humanitar yardım göstərirlər. Bu isə həmin ölkənin beynəlxalq imicinin artırılması və mövqeyinin gücləndirilməsinə kifayət qədər təsir edən amildir: "Rusiya–Ukrayna müharibəsinin uzun sürən dövründə Ukraynanın, həqiqətən də, daxili infrastrukturunun dağıdılması, müxtəlif materiallarla təmin edilməsi baxımından çox çətin vəziyyətə düşdüyü müşahidə olunur. Bu mənada Azərbaycan imkan olduqca Ukraynaya humanitar yardım göstərir. Azərbaycanın bu addımı, sözsüz ki, Ukrayna cəmiyyətində ölkənin mövqeyini gücləndirir. Eyni zamanda Ukraynanın tərəfdaşları və dost ölkələr arasında Azərbaycana qarşı marağın və diqqətin artmasına səbəb olur və ümumilikdə ölkəmizin imicinin güclənməsinə, yardımsevər xalq və dövlət kimi tanınmasına xidmət edir. Azərbaycanın növbəti humanitar yardım paketi təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya ilə qonşu ölkədir və müəyyən əlaqələri var. Amma Rusiya rəhbərliyi Azərbaycanın bu addımına heç də xoş baxmır. Buna baxmayaraq, humanitar yardıma görə heç bir ölkə digər ölkəyə, o cümlədən Azərbaycana irad tuta bilməz. Ona görə də Rusiya bu məsələyə dözümlü yanaşır və yanaşmaq məcburiyyətindədir. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya beynəlxalq qaydaları pozaraq Ukraynaya hücum edir".
O, söyləyib ki, istənilən ölkənin Ukraynaya yardım göstərmək haqqı var və Rusiya buna xor baxa bilməz: "Buna haqqı da yoxdur. Çünki Ukraynanın ərazisini Rusiya bombalayır, dağıdılır, mülki əhaliyə ciddi ziyan vurur. Azərbaycanın humanitar yardım sistemi çərçivəsində Ukraynada SOCAR neft şirkətinin yanacaqdoldurma stansiyalarında ilk vaxtlarda təcili yardım maşınlarının ödənişsiz şəkildə təmin olunması ilə bağlı göstəriş verilmişdi. COVİD 19 pandemiyası dövründə də Ukraynaya Azərbaycan tərəfindən böyük dəstək göstərilmişdi. Eyni zamanda bilirik ki, bir neçə dəfə Ukrayna uşaqlarının Azərbaycana gətirilməsi, burada reabilitasiya proqramlarında iştirakı və müalicə kursları keçməsi də vaxtaşırı həyata keçirilir və bu da mühüm humanitar jestdir".
Fatimə
19:11 28.04.2026
Oxunuş sayı: 47