Ukrayna ilə əməkdaşlıq Azərbaycan müdafiə sənayəsi üçün yeni imkanlar vəd edir - Ekspert
Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı Volodimir Zelenski arasında Qəbələdə keçirilən görüşdə əsas müzakirə mövzularından biri də müdafiə sənayəsi sahəsində əməkdaşlıq olub.
Müzakirələr zamanı hərbi sənayedə və ümumiyyətlə sənayedə birgə istehsal ilə bağlı çox gözəl imkanlar olduğu qeyd olunub.
Bundan başqa, tərəflər dron əleyhinə mübarizə vasitələrinin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər.

İki ölkə arasında qeyd olunan sahələrdə əməkdaşlığın perspektivləri barədə hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a a danışıb: "Bu, Azərbaycan üçün çox yaxşı haldır. Uzun müddətdir Azərbaycan hərbi sənaye kompleksi inkişaf edir və bu gün dünyada da Ukraynanın istehsalı olan hərbi sənaye kompleksinin məhsulları böyük populyarlıq qazanır, alıcı kütləsinə malikdir. Ona görə də Qəbələdə müzakirələr zamanı Azərbaycanla Ukrayna arasında məsələlər müzakirə olunub və hər iki ölkə üçün xeyir verə biləcək məhsullar istehsal olunacaq. Bu əməkdaşlıq, əlbəttə ki, Azərbaycan müdafiə sənayesinə çox müsbət təsir edəcək. Müharibə aparmasına baxmayaraq, Ukrayna bəzi ölkələrə silah-sursat ixrac edir. Hətta Yaxın Şərqdə sonuncu münaqişə zamanı Ukrayna mütəxəssisləri, 200-ə yaxın Ukrayna mütəxəssisi həmin hadisələrdə iştirak edir, həmin hadisələrdə öz dəstəyini ifadə edirdilər”.
Ekspert hesab edir ki, bu əməkdaşlıq hər iki ölkəyə fayda gətirəcək və ümumiyyətlə, gələcəkdə Azərbaycanla Ukrayna arasında bütün sahələrdə – iqtisadi, siyasi, mədəni, o cümlədən hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf etdiriləcək:
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın Ukraynaya humanitar yardımları da zaman-zaman ünvanına çatdırılır. Müharibədən əziyyət çəkən Ukrayna uşaqlarının da Azərbaycan ərazisində reabilitasiyası həyata keçirilir. Bu səbəbdən Ukrayna Azərbaycana çox böyük önəm verir və Azərbaycanla Ukrayna arasında əlaqələr artan xətt üzrə gedir. Bu, hər birimizi sevindirir. Çünki biz haqqın yanındayıq. Biz özümüz vaxtilə müharibədən əziyyət çəkən bir ölkə olaraq haqqı müdafiə edirik, işğalçını lənətləyirik və bu istiqamətdə də siyasətimizi davam etdirmək niyyətindəyik”.
Fatimə Məmmədova
18:01 28.04.2026
Oxunuş sayı: 41