Naxçıvan Türkiyə üçün niyə strateji əhəmiyyətlidir?
Tarixin sınaqlarından keçmiş sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının strateji sütunlarından birini, heç şübhəsiz, Naxçıvan Muxtar Respublikası təşkil edir. Bu qədim diyar təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi deyil, həm də bütün Türk dünyasının birləşmə nöqtəsi, geosiyasi tale yüklü bir regiondur. Bu gün Naxçıvanın təhlükəsizliyi həm Bakı, həm də Ankara üçün milli maraqların kəsişdiyi, müdafiə qüdrətinin və siyasi iradənin nümayiş olunduğu ən mühüm platformadır. Şərqin qapısı sayılan bu ərazi, regionun yeni reallıqları fonunda həm hərbi-strateji qalxan, həm də qitələri birləşdirən iqtisadi körpü rolunu daha da möhkəmləndirməkdədir.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib.

O, Naxçıvanın hər iki ölkənin təhlükəsizliyi üçün mühüm strateji bölgə olduğunu bildirib:
"Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hər iki dost və qardaş ölkə Naxçıvanın təhlükəsizlik və müdafiə məsələlərinə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Digər tərəfdən isə məhz Naxçıvanla Türkiyənin geosiyasi, iqtisadi və hərbi sahədəki əməkdaşlığı daim yüksək səviyyədə olmuşdur. Şuşa Bəyannaməsi imzalandıqdan sonra isə bu əməkdaşlıq daha da möhkəmlənmişdir.
Naxçıvan Türk dünyasının diqqətini cəlb edən və Zəngəzur dəhlizinin keçdiyi bir ərazidir. Eyni zamanda Naxçıvan Türk dünyasının giriş qapısıdır. Bunu Atatürk də sağlığında bir neçə dəfə vurğulamışdır. Bugünkü reallıqlar fonunda Naxçıvanın "Türk qapısı" olması özünü daha qabarıq şəkildə göstərir. Bu gün Türkiyəni Azərbaycan və Orta Asiya ilə birləşdirən dəhliz məhz Naxçıvandan keçəcək.
Belə bir vəziyyətdə, təbii ki, Türkiyənin hərbi istiqamətdə də Naxçıvanla əməkdaşlığı kifayət qədər üstün səviyyədədir".
Ekspert eyni zamanda blokada dövründə də qardaş ölkənin Naxçıvana dəstək göstərdiyini qeyd edib:
"Blokada dövründə Naxçıvana Türkiyə tərəfindən genişmiqyaslı siyasi və hərbi dəstək göstərilmişdir. Türkiyə dəfələrlə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun heyəti ilə ikitərəfli təlimlər keçirmiş, Naxçıvandakı birlik və birləşmələrin təminat-təchizat məsələlərində mühüm rol oynamışdır.
Hər il bir neçə dəfə birgə təlimlər keçirilir. Bu təlimlər zamanı hər iki tərəfin hərbi qulluqçuları "Ümid körpüsü" üzərində bayraqdəyişmə tədbirlərini həyata keçirirlər. Odur ki, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təmin olunmasında, hərbi təlimlərdə və müdafiə qabiliyyətinin artırılması istiqamətində daim yaxından iştirak edir. Qarşılıqlı səfərlər hər iki qardaş ölkənin birlik və bərabərliyinin göstəricisidir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Naxçıvanın blokadadan çıxarılması, regionda sabitliyin və təhlükəsizliyin qorunması məqsədilə bu cür səfərlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Turqut Ansari
18:21 27.04.2026
Oxunuş sayı: 96