XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb - Yenilənib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Nazirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin ticarətin, kommunikasiyaların, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər regional və qlobal proseslər barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiq edib və Azərbaycanla Ukrayna arasında davamlı yüksək səviyyəli dialoqun və tərəfdaşlığın vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər həmçinin Azərbaycan və Ukrayna arasında Mülki və Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalayıblar ki, bu da ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi bazanı daha da möhkəmləndirəcək.
18:17
Azərbaycan və Ukrayna mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən bildirib.
Görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində baş tutub. "Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim.
Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbətia ddımları razılaşdırdıq", - Sibiqa sosial şəbəkə hesabında yazıb.
O, həmçinin bildirib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və Ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.
"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, humanitar yardıma və əlaqələrimizi möhkəmləndirməyə hazır olduğuna görə Azərbaycana minnətdaram", - Ukrayna XİN başçısı vurğulayıb.
20:31 25.04.2026
Oxunuş sayı: 101