Paytaxt Yevlax, Bərdəyə köçürülə bilər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Regional məsələlər komitəsi tərəfindən keçirilən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda konfransda deyib ki, bəzi hallarda paytaxtın köçürülməsi ilə əlaqədar fikirlər, təkliflər səsləndirilir, lakin bu, rasional hesab edilmir.
Komitə sədrinin fikrincə, paytaxtı dəyişmək əvəzinə, regionların inkişafı üçün mühüm addımlar atılmalıdır.
Paytaxtın köçürülməsi ilə bağlı vaxtaşırı səslənən təkliflər yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb. Bir çox ekspertlər və rəsmi şəxslər tərəfindən fərqli prizmalardan şərh olunan bu məsələ, şəhərin yükünün azaldılması və regional inkişafın sürətləndirilməsi kontekstində ciddi suallar doğurur. Lakin paytaxtın dəyişdirilməsinin sadəcə texniki bir addım deyil, nəhəng büdcə vəsaitləri və uzunmüddətli strateji planlaşdırma tələb edən bir proses olduğu unudulmamalıdır. Hazırkı reallıqlar fonunda əsas müzakirə mövzusu paytaxtın yerini dəyişmək deyil, mövcud regionların iqtisadi potensialını artırmaqla Bakıya olan miqrasiya axınını cilovlamaqdır.

Bu məsələdə təhlükəsizlik amilləri və şəhər infrastrukturunun gələcək taleyi ilə bağlı səsləndirilən arqumentlər problemin daha dərindən təhlil edilməsini zəruri edir. Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib:
"Paytaxtın köçürülməsi məsələsi uzun müddətdir ictimai müzakirədə var. Hər parlament iclasında bəzi deputatların dilindən səsləndirilir. Paytaxın köçürülməsində məqsəd nədir?"
O, paytaxtı tıxacların azaldılması, vətəndaş axının qarşısınının alınması məqsədilə köçürülməsinin düzgün olmadığını deyib: "Paytaxtı köçürmək dedikdə Bakının boşaldılması, Bakının tıxaclarının azaldılması, insanların Bakıya axınının qarşısının alınması nəzərdə tutulursa, bu, uğurlu variant deyil. Niyə? Çünki insanlar Bakıya iş dalınca gəlir və paytaxtı hara köçürsələr, orada yeni iş yerlərinin açılması illərlə vaxt çəkəcək və milyonlarla vəsait sərf olunacaq. Yəni əsasən Bakının yüklənməyinin qarşısının alınması üçün paytaxtın köçürülməsindən söhbət gedirsə, burada regionlarda iş yerlərinin açılması, Azərbaycanın digər şəhərlərinin inkişaf etdirilməsi məsələsi daha aktualdır, nəinki paytaxtı köçürmək məsələsi. Çünki paytaxtı köçürmək elə-belə texniki məsələ deyil, dövlət büdcəsinə milyonlarla dollara başa gələcək bir məsələdir. Hansı ki, o pullarla Gəncə, Sumqayıt, Lənkəran, Şamaxı, Quba kimi şəhərləri inkişaf etdirib, onları regional cazibə mərkəzinə çevirmək olar".
Müsahibimiz paytaxtın köçürülməsində təhlükəsizlik amilini də vurğulayıb: "Əgər paytaxtı köçürməkdə niyyət təhlükəsizlik məsələsidirsə, o, artıq başqa məsələdir. Məsələn, Bakı sahil şəhəridir, Xəzər dənizindən təhdidlər var, birbaşa təhdidlərə açıqdır. Onda ölkənin mərkəzinə — Bərdəyə, Yevlağa köçürülmək barədə danışıla bilər. Amma hələlik bizim prioritet məsələmiz o deyil. Prioritet məsələ digər şəhərlərimizin inkişaf etdirilməsidir, digər şəhərlərdə infrastrukturun qurulması, iş yerlərinin açılması və şəhərlərin ayağa qaldırılmasıdır".
Turqut Ansari
18:13 24.04.2026
Oxunuş sayı: 61