Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq
Hərbi xidmət müddəti ilə bağlı müzakirələr son vaxtlar yenidən gündəmə gəlib. Xüsusilə ali təhsilli şəxslərin xidmət müddətinin azaldılması məsələsi ictimai debatlarda fərqli yanaşmalar doğurur. Bu mövzu ilə bağlı ekspert rəyləri isə məsələni daha geniş kontekstdə dəyərləndirməyin vacibliyini göstərir.

Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlamasında qeyd olunan qanunla bağlı məlumat verib: “Azərbaycanda mövcud olan hərbi xidmət keçmə haqqında qanunun tələblərinə görə ali təhsilli gənclər, bakalavr və magistr pilləsində əyani təhsil alan şəxslər üçün xidmət müddəti bir ildir. Amma ali təhsil almayanlar üçün xidmət müddəti 1 il 6 ay təyin olunub. Yəni ali təhsillilər üçün artıq güzəştlər nəzərdə tutulub. İndiki vəziyyətdə ali təhsillilər üçün xidmət müddətinin daha da azaldılması nə rəsmi qurumlar tərəfindən təklif olaraq səsləndirilir, nə də parlamentin müvafiq komissiyasında müzakirə olunur. İctimaiyyət arasında müxtəlif şəxslər tərəfindən irəli sürülən tələblər bir çox hallarda subyektiv fikirlər kimi dəyərləndirilə bilər. Belə təkliflərin ortaya çıxması üçün ilk növbədə bu təkliflərin ekspertizasını həyata keçirmək lazımdır. Yəni həmin şəxslərin, ali təhsilli şəxslərin xidmət müddətinin azaldılmasının Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil olan güc strukturlarının, xüsusi təyinatlı hissə və bölmələrin komplektləşdirilməsinə necə təsir edəcəyini müəyyənləşdirmək vacibdir”.
Ekspert bu ekspertiza keçirilmədən verilən təkliflərin həyata keçirilməsinin mümkün olmadığını qeyd edib: “Çünki ilk növbədə biz Silahlı Qüvvələrimizin döyüşə hazırlıq vəziyyətini nəzərə almalıyıq, onun komplektləşdirilmə faizini qiymətləndirməliyik. Digər tərəfdən isə Azərbaycanın həm cənubunda, həm şimalında davam edən müharibə və münaqişələrin, mövcud təhdidlərin aradan qaldırılması üçün zəruri olan şəxsi heyət sayını uyğun şəkildə dəyərləndirməliyik. Yalnız bundan sonra müzakirələr başlaya bilər və bu müzakirələr nəticəsində qərarlar qəbul edilə bilər. Mən hesab edirəm ki, ali təhsilli şəxslərin müddətli hərbi xidmətinin azaldılması müzakirə oluna bilər, amma bu, indiki vəziyyətdə real görünmür. Bu barədə nə dövlət qurumlarında, nə parlamentdə, nə də aidiyyəti güc strukturlarında nə təklif var, nə də bunun müzakirə edilməsini təklif edən var. Ona görə də bu qərarın hələlik qəbul edilməsini real hesab etmirəm. Bunu yalnız sağımızda və solumuzda sabitlik bərqərar olandan, sülh müqaviləsi Ermənistanla imzalandıqdan sonra müzakirə etmək mümkün ola bilər. Amma bu müzakirə hələ qərarın qəbul edilməsi demək deyil”.
Fatimə
19:30 22.04.2026
Oxunuş sayı: 67