Zakir Həsənov təcili Qarabağa getdi: Nə baş verir?
Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir edilən və yeni inşa olunan təlim mərkəzi, eləcə də hərbi hissələrdə görülən işlərlə tanış olub.
Məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Sözügedən səfər barədə Crossmedia.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, müdafiə naziri Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq Qarabağa, işğaldan azad olunmuş ərazilərə baş çəkir: "Orada yeni hərbi infrastrukturun açılışı keçirilir, o cümlədən hərbi qulluqçularla görüşlər təşkil olunur. Bu, normal bir praktikadır. Bu görüşlər zamanı yuxarı komandanlıq, yəni rəislər şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi istiqamətində aparılan işlərlə bilavasitə maraqlanırlar. Bu, təkcə rəislərin məruzəsi deyil; onlar yerində vəziyyətlə tanış olur və şəraitə öz gözləri ilə nəzarət edirlər ki, nə doğrudur, hansı çatışmazlıqlar var. Ona görə də nazir Zakir Həsənovun, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin, həmçinin digər idarə və xidmət rəislərinin mütəmadi olaraq hərbi hissələrə baş çəkməsi vacibdir".
Ekspert eyni zamanda qeyd edib ki, bu proses təkcə Müdafiə Nazirliyi ilə yekunlaşmır: "Dövlət Sərhəd Xidmətində də bu iş son dərəcə ciddi nəzarətə alınıb. Daxili Qoşunlarımızda da rəhbərlik mütəmadi olaraq əsgərlərin sosial-məişət qayğıları ilə maraqlanır, təlimlərini izləyir, təlim məşğələlərində iştirak edirlər. Hər bir texnikanın qış rejimidən yay rejiminə keçirilməsini, onun vəziyyətini yoxlayır və maraqlanırlar. Bunlar vacib işlərdir. Bu, ölkə rəhbərliyi tərəfindən qoyulan bir tələbdir. Tələb Müdafiə Nazirliyi, eləcə də ümumiyyətlə Silahlı Qüvvələrin digər güc strukturları tərəfindən yerinə yetirilir. Mən bunu alqışlayıram. Çünki belə görüşlər həm əsgər və zabitlərin məsuliyyət hissini artırır, həm də yuxarı komandanlığın real vəziyyəti görməsinə şərait yaradır. Bəzən olur ki, komandirlər nəyisə çatdırmırlar, nəyisə doğru-düzgün eləmirlər və çalışırlar ki, öz işlərini yüksək səviyyədə məruzə eləsinlər. Amma nazir, yaxud Baş Qərargah rəisi, idarə və xidmət rəisləri ərazidə olanda, onlar sual-cavab edir, real vəziyyəti öz gözləri ilə dəyərləndirir və ona uyğun qiymət verirlər. Bunlar çox önəmli məsələlərdir. Mən Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini xüsusi qeyd edirəm, çünki, bu iki qurumun qoşun birləşmələri 44 günlük savaşın aktiv iştirakçılarıdır. Onların hərbi hissələrə baş çəkməsi, əlbəttə ki, həm şəxsi heyətin döyüş hazırlığı vəziyyətini, həm də hərbi texnikanın real təhdid və təhlükələrə necə hazır olmasını yerində yoxlamaq məqsədi daşıyır".
Turqut Ansari
18:30 20.04.2026
Oxunuş sayı: 61