Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.
Bu barədə Crossmedia.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.
Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib.
Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib.
Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer alıb.
Səfər çərçivəsində, Yalçın Rəfiyev həmçinin Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik və ətraf mühit üzrə Baş Direktor müavini Patrik Çild ilə görüşlər keçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
09:17 18.04.2026
Oxunuş sayı: 51