Almaniya ilə sənəd tanınmasında yeni qaydalar qüvvəyə minib
Almaniya ilə uzun müddət aparılan iş nəticəsində rəsmi sənədlərin tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib ki, bu da vətəndaşların işini xeyli yüngülləşdirəcək.
Crossmedia.az Azərbaycanın Almaniyadakı səfirliyinə istinadən xəbər verir ki, artıq Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb. Bunun əvəzinə apostil prosedurunun tətbiqinə başlanılıb.
Belə ki, hər iki ölkə 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyaya görə, bir ölkədə verilmiş rəsmi sənədlərin digər ölkədə tanınması üçün yalnız apostil möhürü kifayətdir və əlavə leqallaşdırma və ya təsdiq tələb olunmur.
Almaniya tərəfi ilə aparılan iş nəticəsində 2026-cı ilin mart ayında Apostil Konvensiyası iki dövlət arasında tam qüvvəyə minib. Bu dəyişikliklə Almaniyada verilən rəsmi sənədlər yalnız Almaniyanın müvafiq dövlət qurumları tərəfindən apostil möhürü ilə təsdiqlənəcək və həmin sənədlər Azərbaycanda tanınacaq. Artıq Berlindəki Azərbaycan Səfirliyində əlavə leqallaşdırmaya ehtiyac qalmayıb.
Eyni qayda Azərbaycanda verilən sənədlərə də şamil olunur.
Qeyd edək ki, Azərbaycanda verilmiş sənədlər də apostil möhürü ilə Almaniyada tanınır və Bakıdakı Almaniya səfirliyində əlavə leqallaşdırma tələb edilmir.
Fatimə
18:00 17.04.2026
Oxunuş sayı: 47