Bir ömrün hesabatı - 60 yaşda Hikmət Babaoğlu ilə söhbət
60 illik ömür yolu — təkcə yaşanan zaman deyil, həm də toplanan təcrübə, formalaşan mövqe və cəmiyyət qarşısında artan məsuliyyətdir.
Azərbaycanın ictimai-siyasi həyatında öz dəst-xətti ilə seçilən Hikmət Babaoğlu üçün bu yubiley həm ötənlərə nəzər salmaq, həm də gələcəyə baxışını yenidən müəyyənləşdirmək imkanı yaradır.
O, 60 yaşını sadəcə bir mərhələ kimi deyil, insanın özünü və cəmiyyəti daha dərindən dərk etdiyi, topladığı təcrübəni bölüşmək məsuliyyətini hiss etdiyi bir dövr kimi qiymətləndirir.
Həyat yolu, seçdiyi siyasi istiqamət, insanlara etdiyi yaxşılıqlar və daxili vicdan meyarları onun formalaşmasında əsas rol oynayıb. Prezident İlham Əliyev də Hikmət Babaoğlunun ictimai-siyasi xidmətlərini qiymətləndirərək yubilyara "Şöhrət" ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb.
Yubiley ərəfəsində onunla keçdiyi yol, qazandığı təcrübə, həyat fəlsəfəsi və gənclərə mesajları barədə həmsöhbət olduq.
Milli Məclisin deputatı Hikmət Babaoğlu yubileyi ilə bağlı təəssüratlarını Crossmedia.az-la bölüşüb:
- 60 yaş sizin üçün daha çox nə deməkdir: təcrübə, yoxsa məsuliyyət?
- 60 yaş əlbəttə ki, böyük təcrübədir, amma eyni zamanda əldə etdiyin insani kapitalın, ictimai məsuliyyətin yenidən dərk edilməsidir. Bu isə özlüyündə ikiqat məsuliyyətdir. Yəni 60 yaş bir fərdin məsuliyyətindən daha çox ictimai şəxsin, sosial varlığın məsuliyyətini yaradır.
Amma bununla bərabər, 60 yaş daha aydın dərk etmək yaşıdır, özünü yenidən anlamaq yaşıdır, insanı yenidən anlamaq yaşıdır, düşünmək, dərk etmək və təcrübəni ötürmək yaşıdır.
- Gənc Hikmət Babaoğluna bu gün bir cümlə desəydiniz, nə deyərdiniz?
- Mən bu gündən boylanıb 40-45 il əvvəlki gənc Hikmətə doğru dönsəm, yenə də eyni yolu davam etmək istəyərdim. Çünki gənclikdən tutduğum yol məni bu gün 60 yaşında Azərbaycanda Hikmət Babaoğlu kimi tanınan ictimai şəxsə çevirib.
Mənim seçdiyim siyasi əqidə, 26 yaşında üzv olduğum Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın tarixi zəfərinə imza atıb. Ona görə mən bu yolu davam etmək istəyərdim və gənc Hikmətə də məhz bu yolla yenidən irəliləməyi arzu edərdim.
- Həyatınızda sizi ən çox dəyişən hadisə hansı olub?
- Həyatımda məni ən çox dəyişən hadisə insanlara yaxşılıq etdikcə bu baxımdan zənginləşməyim olub. Eyni zamanda məni dəyişən digər məqam isə bəzən bilərəkdən və ya bilməyərəkdən etdiyim bir şeyin doğru olmadığı halda özümün də eyni situasiyaya düşməyim olub.
Bu məndə həmişə mistik bir əhval-ruhiyyə yaradıb. Əgər bilmədən küçədə gedəndə hansısa maşını sıxışdırmışamsa, bir qədər sonra eyni vəziyyətə düşmüşəm və eyni şəkildə məni də sıxışdırıblar. Bu isə məndə kiminsə nəzarətində olduğum düşüncəsini yaradıb.
Ona görə də, həm o nəzarət, həm də içimdəki vicdani nəzarət heç vaxt kiminsə mənafeyinə toxunmağa imkan vermir, əksinə, məni bundan çəkindirir. Mən düşünürəm ki, məni dəyişən məhz bu daxili və mistik nəzarət hissidir.
- Həyatda sizi ən çox motivasiya edən nə olub?
- Həyatda məni ən çox motivasiya edən kiməsə nəsə etmək və bunun sevincini yaşamaqdır. Çox qəribə bir keyfiyyət var məndə: kiminsə hansısa problemini həll etmək üçün bütün inzibati və ya gücüm çatan işləri gördükdən sonra yenə də oturub Allaha dua edirəm ki, kaş bu iş baş tutsun. Yaxşılıq etmək həmişə məni motivasiya edir.
- 60 yaşında ictimai-siyasi xadim kimi gənclərə tövsiyələriniz nələr olardı?
- Bugünkü gəncliyə ən yaxşı tövsiyəm odur ki, gördükləri təcrübəni, yaratdıqları reallığı, Ali Baş Komandanın rəhbərliyi altında – ordu sıralarında, ictimai və intellektual müstəvidə qazandıqları nailiyyətləri eyni prinsipiallıq və eyni əzmlə davam etdirsinlər.
Çünki bu gün hamımızın qürur duyduğu reallığı yaradan məhz Azərbaycan gəncliyidir – həm hərbi güc, həm intellektual güc, həm də ictimai güc kimi. Ona görə də bu doğru yolda davam etmələri onların daha böyük uğurlar qazanmasına səbəb olacaq.
- Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundunuz. Bu necə hissdir?
- Təltif olunmaq çox gözəl hissdir. Amma bir də sizi kimin təltif etdiyi ayrıca bir məqamdır. Bir əli dəmir yumruq, digər əli şəfqət və qələm olan Müzəffər Ali Baş Komandan tərəfindən, vətənimizi böyüdən, milli qürur yaşadan, diplomatiya və hərb tarixini yenidən yazan qalib sərkərdənin imzaladığı sərəncamla “Şöhrət” ordeninə layiq görülmək qürurdur, şərəfdir, fəxarətdir və məncə, bu, bir ayrıcalıqdır.
Çox dövlətlərdə müxtəlif təltiflər var və dövlət başçıları öz vətəndaşlarını təltif edir. Amma mənə elə gəlir ki, Azərbaycan Prezidenti kimi dövlət başçısı tapmaq çox çətindir. Belə bir dövlət başçısının sərəncamı ilə təltif olunmaq misli-bərabəri olmayan bir hissdir. Amma bu, eyni zamanda böyük məsuliyyət və minnətdarlıq hekayəsidir.
Ayhan
16:35 17.04.2026
Oxunuş sayı: 555