Prezidentin köməkçisi: Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir
Regional sahiblənmənin Azərbaycan üçün fundamental prinsipləri və əsas sütunları regional çağırışları, problemləri özümüzün, eyni fikirdə olduğumuz bölgədəki tərəfdaşlarımızla birlikdə həll etmək deməkdir. İlk növbədə, biz regionumuzda başqalarının gəlib missiyalarını yerinə yetirmələrini gözləmək əvəzinə, öz nizamımızı özümüz qurmalıyıq. Bu, fundamental məsələlərdəndir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada səsləndirib.
“Bizim üçün regional sahiblənmə həm də əsas prinsiplərdən ibarətdir. Bunlardan biri regional məsələlərə həqiqi ortaq məsuliyyətdir. Buna regional liderlik də əlavə olunmalıdır. Buraya regional əməkdaşlıq və inteqrasiya da daxildir. Bütün bu komponentlər bir araya gələrək regional sahiblənmə missiyamızı formalaşdırır.
Biz, şübhəsiz ki, diplomatiya və dialoq tətbiq edirik. Bu, ikitərəfli, üçtərəfli, hətta dördtərəfli səviyyədə ola bilər. İkitərəfli səviyyədə mühüm komponentlərdən biri təhlükəsizlikdir, çünki hər bir ölkə üçün və hər bir region üçün təhlükəsizlik çox vacibdir. Biz hazırda qlobal səviyyədə təhlükəsizliyin çatışmadığı dövrdə yaşayırıq”, - deyə o bildirib.
Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biri olduğunu qeyd edən Hikmət Hacıyev deyib: “Türkiyə-Azərbaycan əməkdaşlığı liderlərimiz tərəfindən imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Biz bununla kifayətlənmədik. İkitərəfli əməkdaşlığı üçtərəfli modelə çevirdik və bununla da tam regional sahiblənməni həyata keçirdik. Burada Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığı, Türkiyə–Azərbaycan–İran əməkdaşlığı mövcuddur və biz, həmçinin Mərkəzi Asiyadakı qardaşlarımıza da əl uzatmışıq. Üçtərəfli və ya çoxtərəfli formatlarda praktik əməkdaşlıq mexanizmi qurmuşuq və bu, bütün tərəflərin maraqlarına xidmət edir”. (Azərtac)
16:36 17.04.2026
Oxunuş sayı: 49