Parlament diplomatiyası Bakı-Moskva münasibətlərini dəyişə bilərmi?
Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı istiqamətində yeni mesajlar səsləndirilib.
Valentina Matviyenkonun İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində verdiyi bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş siyasi iradəni bir daha nümayiş etdirib.
Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşdə Bakı və Moskva arasında əməkdaşlığın geniş potensialı xüsusi vurğulanıb.
Tərəflər parlamentlərarası əlaqələrin intensivliyini, regionlararası əməkdaşlığın artan dinamikasını və qarşılıqlı münasibətlərin gələcək inkişaf istiqamətlərini ön plana çəkərək, bu tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da dərinləşəcəyinə əminlik ifadə ediblər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan ilə Rusiya arasında münasibətlər hazırda arzuolunan səviyyədə deyil və bunun əsas səbəbi məhz Rusiya tərəfinin mövqeyi ilə bağlıdır.
Əgər Rusiya bu münasibətləri yaxşılaşdırmaq niyyətindədirsə, ilk növbədə Azərbaycana bərabərhüquqlu tərəfdaş və suveren dövlət kimi yanaşmalıdır.
Son məlumatlara əsasən, Rusiya tərəfinin təyyarə qəzası ilə bağlı kompensasiya ödəməyə hazır olması ikitərəfli münasibətlərin normallaşması istiqamətində müəyyən müsbət addım kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, Rusiya imperialist yanaşmalardan imtina etməli və Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında qurmalıdır.
Azərbaycan isə öz növbəsində heç bir dövlətə qarşı mənfi mövqe sərgiləmir. Biz dinc yanaşı yaşamaq, sabitlik və çoxtərəfli əməkdaşlıq prinsiplərinə sadiqik. Hər bir müstəqil dövlət kimi Azərbaycanın da özünəməxsus siyasi xətti və milli maraqlara əsaslanan mövqeyi mövcuddur".
Elmir Heydərli
15:05 17.04.2026
Oxunuş sayı: 301