Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılır - Detallar açıqlandı
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılması ölkənin beynəlxalq mövqeyinin güclənməsi baxımından diqqət çəkən addım kimi qiymətləndirilir. Son illər Azərbaycan beynəlxalq platformalarda daha fəal iştirak etməklə qlobal proseslərdə rolunu artırmağa çalışır. Yeni qərargahın paytaxtda yerləşməsi bu istiqamətdə atılan növbəti addım hesab olunur.

Bu təşəbbüsün siyasi və iqtisadi təsirləri ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a danışıb.
Müsahibimiz Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılmasının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edən mühüm addım olduğunu vurğulayıb:
"Bu təşəbbüs ölkəmizin artıq yalnız regional deyil, qlobal miqyasda söz sahibi olan aktora çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan beynəlxalq təşkilatlara sadəcə formal ev sahibliyi edən ölkə deyil. Əksinə, ölkəmiz bu qurumların institusional inkişafına töhfə verərək onların fəaliyyətinə yeni dinamika qazandırır. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycanın təşəbbüsü ilə Parlament və Gənclər şəbəkələrinin yaradılması bunun bariz nümunəsidir. Bu isə göstərir ki, Azərbaycan təşkilat daxilində passiv iştirakçı deyil, aktiv təşəbbüskar və istiqamətverici rola malikdir".
Deputatın sözlərinə görə, artıq beşinci dəfə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Zirvə Toplantısının keçirilməsi də bu platformanın davamlı və institusional əsasda inkişaf etdiyini təsdiqləyir: " Milli Məclisin sədri Sahibə xanım Qafarovanın bu tədbirlərdə fəal iştirakı Azərbaycanın parlament diplomatiyasına verdiyi önəmi əks etdirir. Qərargahın Bakıda yerləşməsi xüsusi strateji əhəmiyyət daşıyır. Bu, Qoşulmama Hərəkatına üzv 120 ölkənin parlamentləri ilə Azərbaycanın davamlı və birbaşa əlaqələrinin qurulması deməkdir. Nəticədə Bakı beynəlxalq parlament dialoqunun əsas mərkəzlərindən birinə çevrilə bilər. Bu addımın siyasi dividendləri kifayət qədər əhəmiyyətlidir. İlk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlar daxilində təsir imkanları genişlənir, diplomatik əlaqələri dərinləşir və ölkənin qlobal qərarvermə proseslərində rolu güclənir. Eyni zamanda, bu cür təşəbbüslər Azərbaycanın sülh, əməkdaşlıq və çoxtərəfli dialoq tərəfdarı kimi imicini daha da möhkəmləndirir. İqtisadi baxımdan da müəyyən üstünlüklər gözlənilir. Qərargahın Bakıda yerləşməsi beynəlxalq tədbirlərin, forumların və rəsmi səfərlərin sayını artıracaq. Bu isə turizm, xidmət sektoru və biznes mühiti üçün əlavə imkanlar yaradır. Paralel olaraq, ölkəyə xarici investisiya marağının artmasına da müsbət təsir göstərə bilər".
A.Badamov sonda əlavə edib: "Azərbaycan indiyədək ev sahibliyi etdiyi beynəlxalq platformalar, o cümlədən humanitar forumlar vasitəsilə qlobal diqqəti cəlb etməyi bacarıb. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının Bakıda yerləşməsi isə bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, bu qərar Azərbaycanın həm siyasi nüfuzunu artıran, həm də iqtisadi və diplomatik imkanlarını genişləndirən strateji əhəmiyyətli addımdır".
Fatimə Məmmədova
19:55 16.04.2026
Oxunuş sayı: 121