Minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq dəstək verilməlidir -ŞƏRH
Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də aktual olaraq qalır. Son illərdə bu sahədə həyata keçirilən təmizləmə işləri geniş vüsət alsa da, problemin miqyası uzunmüddətli və sistemli yanaşmanı zəruri edir. Mütəxəssislər hesab edir ki, görülən tədbirlər ümumilikdə müsbət nəticələr versə də, həm texniki imkanların artırılması, həm də beynəlxalq dəstəyin gücləndirilməsi vacibdir.

Bu bərədə Crossmedia.az-a açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, Azərbaycanda minatəmizləmə prosesini ümumilikdə qənaətbəxş qiymətləndirmək olar: " Çünki dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər və verilmiş tapşırıqlar sistemli şəkildə və vaxtında icra olunur. ANAMA və digər aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmizləmə əməliyyatları həyata keçirilir. Müasir texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar kadrların cəlb olunması bu prosesin effektivliyini artırır. Bununla yanaşı, ərazilərin böyük hissəsinin minalarla və partlamamış hərbi sursatlarla çirklənməsi bu sahədə işlərin hələ uzunmüddətli və davamlı səylər tələb etdiyini göstərir".
Müsahibimiz, həmçinin minaların mülki əhali üçün yaratdığı riskləri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayət qədər effektivliyi barədə də danışıb: "Bu istiqamətdə aparılan işlərin kifayət qədər effektiv olduğunu demək olar. Mina problemi artıq təkcə lokal deyil, qlobal humanitar problem kimi qəbul olunur. Azərbaycan tərəfi müxtəlif beynəlxalq platformalarda, o cümlədən BMT strukturlarında, beynəlxalq konfranslarda və media vasitəsilə bu təhlükənin miqyasını ardıcıl şəkildə gündəmə gətirir. Xüsusilə mülki şəxslərin – qadınların, uşaqların və keçmiş məcburi köçkünlərin mina qurbanına çevrilməsi faktları beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir və bu məsələyə humanitar yanaşmanı gücləndirir. Bununla belə, hesab edirəm ki, bu istiqamətdə informasiya və kommunikasiya fəaliyyətləri daha da genişləndirilməli, mina xəritələrinin təqdim olunmaması kimi problemlər daha kəskin şəkildə beynəlxalq gündəmə çıxarılmalıdır".
U.Rəhimoğlunun sözlərinə görə, mövcud şəraitdə ANAMA və digər dövlət və qeyri-hökumət qurumlarının fəaliyyəti yüksək qiymətləndirilməlidir və bu fəaliyyət problemi mərhələli şəkildə həll etməyə imkan yaradır: " Xüsusilə mina təmizləmə əməliyyatları ilə yanaşı, maarifləndirmə tədbirləri, risklərin azaldılması proqramları və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər kompleks yanaşmanın mövcud olduğunu göstərir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın üzləşdiyi mina problemi miqyasına görə dünyanın ən ciddi problemlərindən biridir. Ölkə minalarla cirkliliyinə görə birinci onluqda yer alır. Bu səbəbdən yalnız milli resurslarla deyil, beynəlxalq dəstək və əməkdaşlıqla bu problemin daha sürətli həlli mümkündür. Ona görə də mövcud fəaliyyət yetərli olmaqla yanaşı, əlavə texniki, maliyyə və institusional dəstəyin cəlb olunması prosesi daha da sürətləndirə bilər".
Fatimə
19:47 15.04.2026
Oxunuş sayı: 141