Azərbaycan-Rusiya münasibətləri sabitdir, yoxsa yenə risklər var?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüş iki ölkə arasında münasibətlərin cari vəziyyətini və perspektivlərini bir daha gündəmə gətirib.
Görüşdə siyasi, iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıqla yanaşı, regional məsələlərin də müzakirə olunması Bakı ilə Moskva arasında dialoqun çoxşaxəli xarakter daşıdığını göstərir.
Mövcud reallıqlar fonunda Azərbaycan-Rusiya münasibətlərinin hansı səviyyədə olduğu və qarşılıqlı əlaqələrin daha da inkişafı üçün hansı məsələlərin həll edilməsinin vacibliyi xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Crossmedia.az-a açıqlama verib:

"Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlər ümumilikdə normal xarakter daşıyır. Bəzən xırda məsələlər ortaya çıxır və müəyyən hallarda Rusiya Dumasından və ya digər qurumlardan bəzi məsuliyyətsiz şəxslər tərəfindən münasibətlərə xələl gətirməyə yönəlmiş açıqlamalar səsləndirilir. Lakin dövlətlər səviyyəsində biz bir-birimizin maraq və mənafelərini nəzərə alan, onları anlayan mövqedə dayanırıq.
Bu baxımdan, dövlətlər arasında münasibətlərin sabit və normal məcrada davam etməsi hamımızın marağındadır. Rusiya bizim qonşu və böyük dövlətdir.
Eyni zamanda, biz təkcə Rusiya ilə deyil, bütün qonşu dövlətlərlə sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdirilməsində maraqlıyıq. Heç bir dövlətin maraqlarına toxunan addımlar atmırıq, eyni yanaşmanı da özümüzə qarşı gözləyirik".
Deputat əlavə edib ki, bununla yanaşı, hazırkı vəziyyətdə bəzi hallarda azərbaycanlılara, o cümlədən diaspora fəallarına qarşı ədalətsiz yanaşmaların şahidi oluruq:
"Süni məhkəmə prosesləri ilə bağlı məlumatlar da diqqətdən kənarda qalmır. Lakin ümumi mənzərədə biz münasibətlərin gərginləşməməsinə, əksinə, sabitliyin qorunmasına daha çox üstünlük veririk".
Ayhan
15:40 15.04.2026
Oxunuş sayı: 820