Kayrat Sarıbay Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib - YENİLƏNİB
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə Azərbaycanın AQEM-dəki liderliyini yüksək qiymətləndirib.
Crossmedia.az bu barədə Sarıbayın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Azərbaycanın AQEM-dəki güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirdim. Qarşıdan gələn AQEM sammitinə və AQEM Media Forumuna hazırlıq məsələlərini müzakirə etdik", - o yazıb.
Sarıbay, həmçinin Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, tərəflər AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə ediblər.
"Güclü gənclər təşəbbüslərinə əsaslanaraq, AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik. Gənclər gündəliyini necə genişləndirmək, o cümlədən peşə təhsili sahəsində ən yaxşı təcrübələr və könüllülükdə gənclərin rolu barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.
19:14
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla təşkilat çərçivəsində əməkdaşlığı müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Sarıbay "X" sosial şəbəkəsində paylaşım edib.
"Bakıda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovla səmərəli fikir mübadiləsi apardıq. AQEM Nizamnaməsi layihəsinin irəlilədilməsini müzakirə etdik, təşkilatın möhkəmləndirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğuladıq. Dəyişən qlobal vəziyyət fonunda etimadın möhkəmləndirilməsi tədbirlərinin əhəmiyyətini qeyd etdik", - Baş katib yazıb.
19:17 13.04.2026
Oxunuş sayı: 48