Böyük Qayıdış strategiyası ölkənin iqtisadi inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib - RƏY
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərin sosial rifahının yüksəldilməsi və məşğulluq imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən proqramlar, xüsusilə özünüməşğulluq təşəbbüsləri, vətəndaşların dayanıqlı gəlir mənbələri əldə etməsinə və iqtisadi fəallığının artmasına mühüm töhfə verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumata əsasən, azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən 800-ə yaxını özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Bu dəstək sayəsində onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələrində kiçik ailə biznesləri quraraq, iqtisadi müstəqilliklərini təmin etməyə başlayıblar. Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, daha sonra isə onların biznes planlarına uyğun olaraq zəruri avadanlıq və materiallar təqdim edilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı və çoxşaxəli bərpa-quruculuq işləri həyata keçirilir. Əminliklə demək olar ki, bu miqyasda bərpa və yenidənqurma işlərinin dünyada analoqu yoxdur. Ən önəmli məqamlardan biri isə odur ki, bu fəaliyyətlər eyni zamanda həmin ərazilərdə mövcud olan ciddi təhlükələrin aradan qaldırılması ilə paralel şəkildə icra olunur.
Məsələn, həmin ərazilərdə böyük miqdarda mina basdırıldığı məlumdur və bu istiqamətdə minaların təmizlənməsi işləri intensiv şəkildə davam etdirilir. Bu proses həm bərpa-quruculuq işlərinin effektivliyini artırır, həm də əhalinin təhlükəsiz şəkildə geri dönüşü, yeni yaşayış mühitinin formalaşdırılması və məşğulluq imkanlarının yaradılması üçün əlverişli şərait yaradır. Eyni zamanda kiçik və orta biznesin inkişafı üçün də geniş imkanlar formalaşır. Bu fəaliyyətlərin nəticəsi olaraq, aidiyyəti strukturlar tərəfindən həyata keçirilən işlər Böyük Qayıdış Proqramının birinci mərhələsi çərçivəsində 2026-cı ilin sonuna qədər 160 mindən çox keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışını təmin etməyi hədəfləyir. Artıq bu günə qədər on minlərlə ailənin qayıdışı təmin olunmuş, onlar üçün yeni iş yerləri yaradılmış, müxtəlif biznes təşəbbüslərinə dəstək göstərilmişdir. Qeyd etmək lazımdır ki, həmin ərazilər iqtisadiyyatın müxtəlif sahələri üzrə böyük potensiala malikdir. Xüsusilə son dövrlərdə turizm sahəsində müşahidə olunan canlanma bu regionlara marağın artdığını göstərir. Turizm axınının genişlənməsi həm infrastrukturun inkişafını, həm də təhlükəsizlik və xidmət sahələrinin daha da təkmilləşdirilməsini zəruri edir. Çoxsaylı turizm obyektlərinin və xidmət müəssisələrinin istifadəyə verilməsi bu bölgələrin ölkənin ümumi iqtisadi sisteminə daha sürətli inteqrasiyasına şərait yaradır. Ümumilikdə, 30 ilə yaxın işğal dövründə ciddi dağıntılara məruz qalan bu ərazilər bu gün böyük iqtisadi potensialı, zəngin təbii resursları və strateji mövqeyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Parlamentari bildirib ki, nəqliyyat və enerji infrastrukturunun genişləndirilməsi bölgələrarası əlaqələri gücləndirir, yeni iqtisadi arteriyaların formalaşmasına şərait yaradır: "Bu isə bütövlükdə regionun iqtisadi dirçəlişini və dayanıqlı inkişafını təmin edir. Əhalinin məşğulluğunun artırılması, əlverişli iş şəraitinin yaradılması, həmçinin müxtəlif güzəşt və imtiyazların tətbiqi bu prosesin mühüm tərkib hissəsidir. Məskunlaşan əhalinin yeni salınmış şəhər, qəsəbə və kəndlərdə yerləşdirilməsi xidmət və ticarət sahələrinin inkişafını da stimullaşdırır. Artıq bu bölgələrdə istehsal olunan məhsulların Bakı və digər böyük şəhərlərdə satışa çıxarılması da müşahidə olunur. Bu isə göstərir ki, regionların iqtisadi potensialı real nəticələr verməyə başlamışdır və bu istiqamətdə güclü siyasi iradə mövcuddur. Nəticə etibarilə, Böyük Qayıdış strategiyası ölkənin iqtisadi inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib. Bu proses həm əhalinin doğma yurdlarına qayıdışını sürətləndirir, həm də həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını təmin edir".
Elmir Heydərli
18:08 12.04.2026
Oxunuş sayı: 61