Qadın hərbçilər üçün 6 aylıq model nə qədər effektiv olacaq?
Azərbaycanda qadın hərbçilərlə bağlı müddətdən artıq həqiqi hərbi xidmət sahəsində mühüm dəyişiklik edilib.
Belə ki, qadın hərbi qulluqçular üçün ilkin MAXE müqaviləsinin müddətinin 3 ildən 6 aya endirilməsi həm hərbi xidmətin təşkili, həm də kadr siyasətinin daha çevik qurulması baxımından diqqət çəkən yenilik hesab olunur.
Bu dəyişiklik qadınların orduya cəlb olunması prosesinə necə təsir göstərəcək, onların xidmətə uyğunlaşmasında hansı üstünlüklər yaradacaq və gələcəkdə Azərbaycan Ordusunda qadınların rolunun artmasına necə zəmin hazırlayacaq — bu suallar hazırda geniş müzakirə olunur.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda qadın hərbçilər üçün, müddətdən artıq həqiqi hərbi xidmət keçən xanımlar üçün ilkin müqavilə müddətinin 3 ildən 6 aya endirilməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Bilirsiniz ki, hərbi xidmət keçmə haqqında əsasnamənin tələblərindən biri də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanundur. Həmin qanunda qadınlarla bağlanan ilkin müqavilənin müddəti 3 ildən 6 aya azaldıldı.
Çünki bəzi hallarda komandirlər müəyyən çətinliklərlə qarşılaşırdılar. Elə olurdu ki, qadınlar hərbi xidmətə daxil olarkən xidmətin bəzi incəliklərini tam başa düşmürdülər.
Yaxud bunu başa düşənə qədər qərar vermək üçün çox vaxt keçirdi. Məhz buna görə həmin müddət 3 ildən 6 aya endirilib.
Bu ona görə edilir ki, 6 ay ərzində əgər onlar xidmətə dözümlülük nümayiş etdirə bilirlərsə, vəzifə borclarının öhdəsindən gəlirlərsə, xidmətdə qalırlar. Yox, əgər bunun öhdəsindən gələ bilmirlərsə, xidmətdən azad olunurlar.
Mənə elə gəlir ki, bu qərar həm onların özü üçün, həm də xidmətin ümumi təşkili baxımından vəziyyəti optimallaşdırmaq üçün qəbul olunub".
Ekspert qeyd edib ki, ölkə başçısı da həmin dəyişikliyi təsdiqləyib:
"Bu, hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə hesablanmış addımdır. Hərbi xidmətə gəlmək istəyənlər var və gələnlərə mane olmaq olmaz. Amma vacib məsələ ondadır ki, onlar hərbi xidmətə uyğunlaşa bilirlər, ya yox.
Mən hesab edirəm ki, bu qanun qəbul olunandan sonra həm kadr seçimində, həm də təyinat məsələlərində müəyyən nüanslar yaranacaq ki, bunlar əlavə yük yaratmayacaq.
Əlavə yük ondan ibarət idi ki, qadınlar xidmətə gəlirdilər və bəzən onların hərbi xidmətinin təşkilində müəyyən suallar ortaya çıxırdı. Artıq müddətin 3 ildən 6 aya endirilməsi bu məsələlərin operativ şəkildə həllini təmin edəcək.
Ordu sıralarında qadınlar artıq var. Onlar müxtəlif sahələrdə — qərargahlarda, kargüzarlıqda və digər istiqamətlərdə fəaliyyət göstərirlər. Yəni kifayət qədər qadın hərbçimiz var. Sadəcə, onların xidmətindən daha səmərəli istifadə olunması üçün bu qanuna belə dəyişiklik edilir".
Ayhan
16:30 10.04.2026
Oxunuş sayı: 53